Məhkəmə qərarları › İş №3(010)-752/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-752/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-752/2020 24.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi x3 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru x1 iştirakı ilə, Şəxs, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 145 nömrəli evin 21 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 21 iyul 2020-ci il tarixdə, 20:00-da yaşayış yerini icazəsiz tərk edib yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 145 nömrəli binanın həyətinə düşmüş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il tarixli, 208 saylı, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli, 236 saylı və “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 17 iyul 2020-ci il tarixli, 255 saylı Qərarları ilə müəyyən edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimini pozmuşdur. Buna görə də 24 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru x2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru x2 bildirdi ki, Şəxs 21 iyul 2020-ci il tarixdə, 20:00-da sərtləşdirilmiş xüsusi karantin rejimini pozmaqla yaşayış yerini icazəsiz tərk edib yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 145 nömrəlibinanın həyətinə düşdüyünə görə Şəxs həmin ərazidə xidmət aparan Azərbaycan Respiblikası Daxili İşlər Nazirliyinin Əlahiddə x5 əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirlimişdir. Şəxs bölmədə izahatı alınmış və o, izahatında inzibati xətanın törədilməsində özünü təqsirli bilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il tarixli, 208 saylı Qərarının 1, 1.5 bəndlərinə və 1.5.1-1.5.3-cü yarımbəndlərinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dəkbu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri 4 qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Həmin Qərarın 1.8-ci bəndinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS - məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qərarın 3-cü bəndinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli, 236 saylı Qərarın 1 və 1.2-ci bənlərinə əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında“5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 17 iyul 2020-ci il tarixli, 255 saylı Qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasınıməhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 21 iyul 2020-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru x2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 21 iyul 2020-ci il tarixdə, saat 21:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsinvə onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 21 iyul 2020-ci il tarixdə, saat 21:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar