Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-759/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlunun iştirakı ilə, Şəxs, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 59/1 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 27 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 27 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə, saat 21:10-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 25 may 2021-ci il tarixdə axşam vaxtlarında özünə məxsus “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində hərəkətdə olduğu zaman ** YP *** və ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillərlə xidmətdə olan yol patrul xidməti inspektorları ondan idarə etdiyi avtomobili dayandırmağı tələb etmişlər. Avtomobilini saxladıqdan sonra ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilini idarə edən inspektor ona yaxınlaşıb ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin göstərişi əsasında onu dayandırdığını bildirmişdir. Yol patrul xidməti inspektorundan saxlanılmağının səbəbini soruşduqda sonuncu “** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilini çağırmışam, özü gəlir” deyə cavab vermişdir. 10 dəqiqə gözlədikdən sonra bu dəfə ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilini idarə edən inspektor yaxınlaşıb sənədlərini tələb etmişdir. Həmin ispektordan da saxlanılmağının səbəbini soruşmuş, sonuncu ona “özün yaxşı bilirsən nədi” deyə cavab vermiş və bir daha sənədlərini təqdim etməsini tələb etmişdir. Buna görə də o, məcbur olub sənədlərini həmin inspektora tədim etmişdir. Bundan sonra həmin inspektor göstəriş verildiyini bildirib ondan avtomobilini cərimə meydançasına sürməyi tələb etmişdir. O, buna etiraz etmiş, bununla belə avtomobilinin açarlarını yol patrul xidməti inspektoruna vermişdir. Yol patrul xidməti inspektoru isə onu, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqda günahlandıraraq hadisə yerinə post patrul xidməti əməkdaşlarını çağırmışdır. Hadisə yerinə gəlmiş post patrul xidməti əməkdaşlarına vəiyyəti izah etsə də sonuncular onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib narazılığını bildirsə də, polis əməkdaşlarına heç bir tabesilik göstərmədən onlarla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə getmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlu məhkəmədə bildirdi ki, Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektoru və ƏÇPA-nın 7-ci patrul bölüyünün polis nəfərləri 25 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisinə raportla müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını qeyd etmişlər. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş Şəxs izahatını aldıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektoru X8 göstərdi ki, “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 23 may 2021-ci il tarixdə başqa bir nəqliyyat vasitəsinin sürücüsü ilə Babək prospektində yarış təşkil etmişdir. Bundan iki gün sonra, yəni 25 may 2021-ci il tarixdə, saat 21:10-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində xidmətdə olduğu zaman həmin “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən aşkar edilmiş, o sürücüyə yaxınlaşıb özünü təqdim edərək, ondan sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü isə onun tələblərinə məhəl qoymayaraq sənədlərini təqdim etməkdən imtina etmişdir. Sürücünü nizam-intizamlı olmağa dəvət etsə də sonuncu nəqliyyat vasitəsini duracağa getməsinə etiraz etmişdir. Sürücünün onun qanuni tələblərinə tabe olmadığını, habelə əl-qol atdığını görüb köməyə post patrul xidməti əməkdaşlarını çağırmışdır. Hadisə yerinə gəlmiş post patrul xidmətinin əməkdaşları sürücünü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 7-ci patrul bölüyünün polis nəfəri X12 göstərdi ki, 25 may 2021-ci il tarixdə xidmət apardıqları zaman Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının inspektorları xidməti çağırışla müraciət edərək, bir sürücünün tabesizlik göstərdiyini bildirmişlər. Buna görə də onlar hadisə yerinə gedib həmin sürücünü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 7-ci patrul bölüyünün polis nəfəri X2, şahid X9 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 25 may 2021-ci il tarixli, 889 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə daxil olmuş məlumata əsasən Şəxs yol patrul xidməti tərəfindən bölməyə aparılmasına narazı olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 7-ci patrul bölüyünün polis nəfəri X9 və X1 raportundan görünür ki, 25 may 2021-ci il tarixdə, təxminən saat 19:50-də 13 nömrəli patrul xidmətində xidmət apardıqları zaman “Daşlı – 3”-ün çağırışı ilə Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektorlarına kömək etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Şirin” dairəsi adlanan yerə gedib tabesizlik göstərən şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektoru X5 raportundan görünür ki, 25 may 2021-ci il tarixdə, saat 21:10-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tərəfindən aşkar olunmuş “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşıb özünü təqdim etmiş, sənədlərini təqdim etməkdən imtina edən sürücünü nizam-intizama dəvət etsə də, sonuncu avtomobilini duracağa aparmaqdan imtina etmiş, bununla da sürücü polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və əl-qol hərəkətləri etmişdir. Buna görə də köməyə çağırılmış post patrul xidmtinin əməkdaşları tabesizlik göstərən həmin sürücünü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. İş materialarına əlavə edilmiş Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində verdiyi izahatından, o cümlədən 27 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldakı qeydindən görünür ki, o, polis əməkdaşlarına tabesizlik göstərmədiyini bildirmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektoru X8, 25 may 2021-ci il tarixdə, saat 21:10-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində xidmətdə olduğu zaman Şəxs idarə etdiyi “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili dayandırdıqdan sonra ondan sənədlərini təqdim etməsini tələb etmişdir. Şəxs sənədlərini təqdim etmədən öncə saxlanılmasının səbəbini soruşmuş və yalnız bundan sonra yol patrul xidməti inspektorunun tələb etdiyi sənədləri ona təqdim etmişdir. İdarə etdiyi “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasına aparmasına dair yol patrul xidməti inspektorunun sonrakı tələbinə Şəxs etiraz etdiyinə görə hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 7-ci patrul bölüyünün polis nəfərləri çağırılmış, sonuncular da gəlib Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir, nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radiocihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda, nəqliyyat vasitəsi axtarışda olduqda, nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda və bu Qanunun 37-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən görünüdüyü kimi yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən yol patrul xidməti inspektoru qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirməli və qanunvericilkdə müəyyən edilmiş hallarda nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər. İş materiallarına isə Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektorunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85ci maddəsinin hansı tələbinə əsaslanaraq Şəxs 25 may 2021-ci il tarixdə “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayandırmağı tələb etdiyinə dair hər hansı bir sübut əlavə edilməmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektoru X8 məhkəmə iclasında Şəxs idarə etdiyi “BMW” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə 23 may 2021-ci il tarixdə başqa bir nəqliyyat vasitəsinin sürücüsü ilə yarış təşkil etdiyini bildirsə də, həmin tarixdə yazılı formada müvafiq raportun, habelə 25 may 2021-ci il tarixdə Şəxs saxlanıldıqdan sonra qeyd edilən inzibati xətanın törədilməsinə görə barəsində inzibati xəta haqqında protokolun tərtib edilməməsi, yol patrul xidməti inspektorunun Şəxs nəqliyyat vasitəsini dayandırmağı tələb edərkən qanunvericiliyin tələblərinə riayət etməməsinə dəlalət edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin Qeydinə əsasən nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər. Hətta Şəxs həqiqətən də idarə etdiyi avtomobillə 23 may 2021-ci il tarixdə başqa bir nəqliyyat vasitəsinin sürücüsü ilə yarış təşkil etmiş olsa idi belə, bu inzibati xəta özü-özülüyündə yol patrul xidməti inspektoruna Şəxs nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirilməsini tələb etməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 96.1, 96.1.1-96.1.7-ci maddələrinə əsasən dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə, dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə, dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda və icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. İnizbati xəta haqqında işə məhkəmədə baxıldığı zaman 25 may 2021-ci il tarixdə Şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmasına səbəb ola biləcək, yəni Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsində öz əksini tapmış halların hər hansı birnin mövcud olması da öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin Yol Patrul Xidməti Alayının MEB-nin inspektoru X4 idarə etdiyi nəqliyyat vasitəsinin dayandırılmasının səbəbini soruşulması, habelə nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirməkdən imtina edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi kimi tövsif edilməsi yol verilməzdir. Məhkəmə həmçinin Şəxs, 25 may 2021-ci il tarixdə yol patrul xidməti inspektorunun müraciəti əsasında hadisə yerinə gəlmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 7-ci patrul bölüyünün polis nəfərlərinin dəvəti ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə getdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 7-ci patrul bölüyünün polis nəfərlərinə də hər hansı bir tabesizlik nümayiş etdirməmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-759/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-759/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver