Məhkəmə qərarları › İş №3(010)-786/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-786/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-786/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 07 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında saatda təxminən 20 km/saat sürətlə hərəkət etdiyi zaman sağ hərəkət hissəsindən hərəkət edən “Kia Sorento” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində “Kia Sorento” markalı avtomobildə sərnişin qismində əyləşmiş X4 və Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri almışlar. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahat verərək bildirmişdir ki, 07 dekabr 2023-cü il tarixdə saat 08 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında saatda təxminən 20 km/saat sürətlə hərəkət etdiyi zaman anidən sağ hərəkət zolağı ilə hərəkət edən “Kia Sorento” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində idarə etdiyi avtomobil sol hərəkət hissəsinə istiqamətlənərək hasara dəyərək dayanmış, hadisə zamanı xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımı sənədləri qaydasında olmuş, lakin icbari sığortanın vaxtı bitdiyindən bundan məlumatsız olmuş və hadisə zamanı avtomobili icbari qaydada sığortalanmamış hesab olunmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Hazırkı iş üzrə onunla zərərçəkmiş şəxslər arasında barışıq əldə olunmamışdır. Barışıq olması üçün tərəfə avtomobilinə dəymiş ziyanla bağlı ortaq məxrəcə gəlməsi üçün təklif etmiş, X5 əvvəlcə 1000 manat pula razılaşmış, sonradan fikrini dəyişdiyi üçün barışıq əldə olunmamış, iki nəfər şəxsə ehtiyatsızlıqdan vurduğu xəsarətlə bağlı isə barışıq olmamışdır. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 07 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində idarə etdiyi həyat yoldaşı X2 idarə etdiyi “Kia Sorento” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə özü qabaq oturacaqda sərnişin qismində iki azyaşlı övladı isə arxa oturacaqda əyləşmiş, həmin vaxt təhlükəsizlik kəmərini bağlamamış, həyat yoldaşı X5 Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında hərəkət etdiyi zaman anidən yolu gözləməyən “Ford Transit” markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində o, və avtomobildə olan arxa oturacaqda əyləşmiş iki uşağından biri X4 yüngül bədən xəsarəti almışdır. Avtomobildə olan digər şəxslər xəsarət almamışdır. Ümumilikdə avtomobillərinə 3050,3 manat maddi ziyan dəymiş və bununla 848 nömrəli bağlı qüsur aktını məhkəməyə təqdim etmişdir. Həyat yoldaşı X5 və onunla, hadisəni törətmiş Şəxs arasında barışıq əldə olunmamış və hazırda sonuncudan şikayətçidir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 1111 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edildi: baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin hematoması, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin şişkinlik və qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 12 dekabr 2023-cü il tarixli, 1112 saylı rəyindən görünür ki, azyaşlı X3 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sol çənəaltı nahiyənin hematoması və sıyrığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilin müddətdə, yəni 07 dekabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində nizamlanmayan dörd yol ayrıcında baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İş üzrə sübutlar qismində barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs, Zərərçəkmiş şəxs, X2 izahatları, hər iki məhkəmə tibbi ekspertizaların rəyləri, yol-nəqliyyat hadisəsi sxemi, iş materialına əlavə edilmiş digər sənədlər ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar məhkəmədə müəyyən edilməmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, zərərçəkmiş şəxslə barışığın olmamasını və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar