Məhkəmə qərarları › İş №3(010)-788/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-788/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-788/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə Şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Oba Market”dən 04 ədəd 01 kiloqramlıq «Westgold» markalı yağı, bir neçə ədəd şirniyyatı və tumu, habelə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Al Market”-dən 01 ədəd hərarət ölçəni və saç fenini oğurluq yolu ilə taladığı qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Müvafiq məsələlərlə bağlı qeyd olunur ki, eyni Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda «olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı» göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələblərinə zidd olaraq inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində zərər çəkmiş şəxs barədə məlumatlar qeyd edilməyib. Məhkəmə bununla yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən «İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır». Müvafiq icraat işdə «OBA Market»in administratoru kimi qeyd olunan X3 və «AL Market»in müdiri kimi qeyd olunan X1 müraciətləri əsasında başlanıb. Məsələ ilə bağlı ilk növbədə qeyd olunur ki, yuxarıda adları göstərilən şəxslərin həmin vəzifələrdə işləməsi halı heç bir sübutla (məsələn, əmrdən çıxarış, iş yerindən arayış və s.) təsdiq olunmur. Belə bir sübut hazırlıq iclasında da təqdim edilməmişdir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şəxs inzibati xəta haqqında iş üzrə icraatda yalnız o, halda zərər çəkmiş şəxs qismində tanına bilər ki, ona inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş olsun. İnzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, oğurluq “Oba Market” və “Al Market”-dən edilib. Lakin işə talanmış malların məhz X4 və X2 məxsus olduğuna və inzibati xəta nəticəsində məhz onlara ziyan vurulduğuna dair heç bir mötəbər sübut əlavə edilməmişdir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 100.1.4, 100.1.9 və 100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, inzibati xətanın törədilməsi nəticəsində şəxsə maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. İş üzrə vurulmuş zərərin miqdarı xüsusi əhəmiyyət kəsb edir. Buna habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının tələblərinə baxmayaraq inzibati xəta haqqında protokolda inzibati xəta nəticəsində konkret olaraq kimə və hansı konkret məbləğdə ziyan vurulduğu göstərilməyib. Bununla yanaşı, iş materiallarında “Oba Market”-dən oğurlanmış ərzaqların ümumi dəyərinin 100 manat “Al Market”-dən oğurlanmış əşyaların ümumi dəyərinin isə 65 manat təşkil etdiyi göstərilir. Məsələ ilə bağlı qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı hansı konkret malın qiymətinin nə qədər olduğu müəyyən edilməmişdir. Həmçinin materialda malların dəyəri yuxarıda göstərildiyi kimi qeyd olunduğuna baxmayaraq, bunu təsdiq edə biləcək heç bir sübut iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı digər pozuntulara da yol verilib. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar