Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-792/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan, o cümlədən Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci ildə verilmiş 3(010)- 597/2020 nömrəli icra vərəqəsindən görünür ki, Rəhimov X2 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda qeyd olunan cəriməni ödəmədiyi, bununla da Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, daimi olaraq ünvan 1 mənzil 7 ünvanında yaşayır və ötən müddət ərzində də həmin ünvandan heç yerə köçməyib. Suraxanı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarı ilə cərimə olunduğunu bilir. Ona həmçinin məhkəmədə bildirilmişdir ki, qərar qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün icra şöbəsinə göndəriləcək, bundan sonra o, icra məmuru tərəfindən dəvət olunaraq cəriməni necə ödəməli olduğu bildiriləcək. Ona görə də icra məmuru tərəfindən dəvət olunmasını gözləmişdir. 2020-ci ilin iyul ayının sonunda icra məmuru X3 ona zəng edərək Suraxanı rayon İcra və probasiya şöbəsinə gəlməli olduğunu bildirmişdir. Həmin ərəfədə işləri olduğuna görə gələ bilməyəcəyini icra məmuruna bildirmiş və ondan avqust ayının əvvəlində gəlməsi üçün icazə istəmişdir. İcra məmuru buna etiraz etməmişdir. Beləliklə, bu gün – xx xxxxxx 2020-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə gəlmiş, icraata başlamaq haqqında qərarın surətini icra məmurundan almış, həmçinin izahat verərək bildirmişdir ki, cəriməni hara və necə ödəməli olduğunu bilmirdi. Cərimə məbləğini ödəməkdən boyun qaçırmır, lakin bütün məbləği bir dəfəyə ödəmək imkanı da yoxdur. Təyin olunmuş cərimə məbləğini hissə-hissə ödəyə bilər. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmçinin qeyd edir ki, xx xxxx 2020-ci ildə İcra və probasiya şöbəsinə dəvət olunduğuna dair SMS məlumatı xx xxxx 2020-ci ildə alıb. Bundan əvvəl ona icra işinin mövcud olması barədə istər şifahi, istərsə də yazılı məlumat verilməmiş, həmçinin icra məmuru onun ünvanına gəlməmişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Cərimə məbləğini hissə-hissə ödəməyə hazırdır. İcra məmuru işin məhkəmə baxışı zamanı bildirmişdir ki, icra işi üzrə icraata başladığına dair xx xxxx 2020-ci il tarixli məlumatın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanına çatdırıldığını təsdiq edə biləcək sübut icra işində yoxdur. O, həmçinin bildirir ki, Şəxs ilk SMS məlumat həqiqətən də xx xxxx 2020-ci ildə göndərilmiş və o, xx xxxx 2020-ci il tarixində Suraxanı rayon İcra və probasiya şöbəsinə dəvət olunmuşdur. Bundan əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə görüşməyib, onunla istər telefon vasitəsilə, istərsə də digər vasitə ilə əlaqə saxlamayıb. İcra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-597/2020 nömrəli qərarı xx xxxx 2018-ci ildə qəbul edilmiş, həmin qərar xx xxxx 2020-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi aşağıdakı məzmundadır: «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət müvafiq məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. İnzibati xəta haqqında iş üzrə qərarın xx xxxx 2020-ci ildə qüvvəyə mindiyini və qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını nəzərə aldıqda görünür ki, mövcud vəziyyətdə və icraat qanunla müəyyən edilmiş qaydada aparıldığı halda inzibati xətanın törədildiyi tarix kimi (18 və xx xxxx 2020-ci il tarixlərinin qeyri-iş günlərinə təsadüf etdikləri nəzərə alınmaqla) xx xxxx 2020-ci il tarixi qəbul olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlə yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsasları məsələlərini tənzimləyən 3-cü maddəsinə əsasən «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur». Göründüyü kimi inzibati məsuliyyət yalnız şəxs təqsirli olduğu halda yarana bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirir ki, müvafiq cərimə məbləğini hara və hansı qaydada ödəməli olduğunu bilməyib. Bu səbəbdən o, icra məmuru tərəfindən dəvət olunacağını və cəriməni necə ödəməli olduğunun sonuncu tərəfindən izah ediləcəyini gözləmişdir. Onun mobil tefon nömrəsinə xx xxxx 2020-ci ildə SMS məlumat gəlmiş, xx xxxx 2020-ci ildə İcra və probasiya şöbəsinə dəvət olunmuş və icra məmurunun icazəsi ilə şöbəyə xx xxxxxx 2020-ci ildə gəlmişdir. Bunların əksi icra işinin materialları ilə müəyyən edilmir. Belə ki, iş materiallarında müvafiq bildirişin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə poçt vasitəsilə çatdırıldığını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Bununla yanaşı, iş materiallarından görünür ki, Şəxs SMS məlumat xx xxxx 2020-ci ildə göndərilərək o, xx xxxx 2020-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə dəvət olunub. Göründüyü kimi, hətta SMS məlumat belə yuxarıda qeyd olunan xx xxxx 2020-ci il tarixindən sonra göndərilib. İş materiallarına əlavə edilmiş akt da sual doğurur. Belə ki, həmin akt xx xxxxxx 2020-ci ildə tərtib olunmuş, aktda borclunun icra sənədində göstərilən ünvanda yaşamadığı qeyd edilmişdir. İşin faktik hallarından isə görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə gəlmiş, barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda icra məmurunun eyni tarixdə Şəxs yaşadığı ünvana hansı səbəbdən getməsi aydın deyil. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, əslində Şəxs barəsində icra işinin olması, cərimə məbləğini hansı qaydada ödəməli olması barədə vaxtlı-vaxtında məlumat verilməmiş, o, ilk dəfə xx xxxx 2020-ci il tarixinə İcra və probasiya şöbəsinə dəvət olunmuş, xx xxxxxx 2020-ci ildə gəldikdə isə cəriməni ödəməsi üçün vaxt verilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu şəraitdə Şəxs təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən «inzibati xəta hadisəsi olmadıqda», «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-792/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-792/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver