Məhkəmə qərarları › İş №3(010)-80/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-80/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-80/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2TC4PD0, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 dekabr 2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 22 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Xətai rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 22 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 19 oktyabr 2022-ci il tarixdə, saat 00:05-də, “Toyota Prius (HİBRİD) minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ Şossesində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN- 641932 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 4.177 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhər X3 İdarəsinin Müşayiət-Eskort bölüyü yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştiraklı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin 3-cü bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.4, 96.4.1 və 96.4.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda protokolun tərtib edildiyi yer, tarix və vaxt, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları göstərilir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda isə Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən yol patrul xidməti inspektoru tərəfindən, inzibati xəta haqqında işlər üzrə icraatın aparılmasında iştirakı məcburi olan hal şahidlərinin iştirak etmələri barədə hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən törədildiyi ehtimal edilən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitə - alkotesterin modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da göstərilməmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, yol patrul xidməti inspektoru tərəfindən Şəxs sərxoşluq vəziyyətinin müayinəsi, bu kimi inzibati xəta haqqında işlər üzrə icraatın aparılmasında iştirakı məcburi olan hal şahidlərinin iştirakı təmin edilmədən, habelə son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları olmayan xüsusi texniki vasitə - alkotesterlə aparılmışdır. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə protokol tərtib edilmədən, yol patrul xidməti inspektoru tərəfindən Şəxs sərxoşluq vəziyyətinin müayinəsi, bu kimi inzibati xəta haqqında işlər üzrə icraatın aparılmasında iştirakı məcburi olan hal şahidləri cəlb edilmədən, habelə son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları olmayan xüsusi texniki vasitə alkotesterlə aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 53.2-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bununla da məhkəmə işdə olan sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə Şəxs barəsində 22 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar