Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-803/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, üç yetkinlik yaşına çatmayan uşağı olan, çilingər peşəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli qətnaməsi ilə ondan 24 mart 2006-cı il təvəllüdlü X6, 28.03.2007-ci il təvəllüdlü X7 və 08.03.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 18 avqust 2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının yarısı miqdarında aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldildikdən sonra o, icra sənədi üzrə imkanı daxilində mütəmadi ödənişlər etməklə icra sənədini qismən də olsa icra etmişdir. Hal-hazırda o qədər pulu verə bilmir. Həmin pulu hissə-hissə ödəyə bilər, rəsmi iş yeri olanda alimenti vaxtı-vaxtında ödəmiş, sonradan pandemiya başlayanda o, ixtisara düşmüş bir ilə yaxın müddət işləməmiş, bu yaxınlarda işə düzəlmiş, artıq 1-2 aydır ki, işləyir bununla əlaqədar aliment borcunun əmək haqqısına yönəldilməsini xahiş edir. Belə ki, onun maaşı 850 manatdan ibarətdir, maaşının yarısı bankda olan borcuna yönəldilir, qalan maaşının da aliment borcuna yönəldilməsini xahiş edir. Bununla belə qeyri-rəsmi işindən qazanc olduğu vaxt hamısını alimentin ödənilməsinə vermişdir. Hal-hazırda məhkəmə iclasında 500 manat pulu nağd şəkildə iddiaçıya təklif etmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşdığını və icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını, sadəcə olaraq maddi imkanı icra sənədini tam icra etməyə imkan vermədiyini bildirmişdir. Məhz bu səbəbdən də onun icra sənədi üzrə aliment borcu yaranmışdır. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş böyük icra məmuru X4 05 iyun 2021-ci il tarixli məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və borcluya icranı dərhal könüllü olaraq təmin etmək təklif olunmuşdur. Bundan əlavə borclu Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun gəlirlərinə, bank hesabında olan pul vəsaitinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmişdir. Tələbin yönəldilə biləcək pul vəsaiti və ya əmlak aşkar edilməsə də, elektron informasiya sistemində borclunun adına qüvvədə olan əmək müqaviləsinin olduğu müəyyən edilməmişdir. Borclu işə yeni düzəlib deyə, tutmanı onun əmək haqqısına cəlb etməmişdir. Ümumiyyətlə borcunun işə düzəldilməsi barədə məlumatı olmamış, bununla əlaqədar borcu onun əmək haqqısına yönətməmişdir. Şəxs bir daha şöbəyə dəvət olunaraq izahatı alınmış, ona icra sənədinin mahiyyəti izah edilmiş və icra sənədi üzrə tələbi təmin etməsi təklif olunmuşdur. Borclu Şəxs izahatında əmək haqqının ondan tutulan alimentin məbləğindən az olduğunu buna görə də aliment borcunu hər ay mütəmadi olaraq ödəyə bilməyəcəyni bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə mütəmadi ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış, nəticədə onun 6570 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu icra sənədinin real icrası üçün bütün zəruri tədbirlər görməmiş, bununla da bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu M.A.Əlizadə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X5 qızı məhkəmədə bildirdi ki, neçə aylardır ki, aliment ödəmir, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)- 7471/2015 nömrəli nömrəli icra sənədinə əsasən Şəxs 24 mart 2006-cı il təvəllüdlü X6, 28.03.2007-ci il təvəllüdlü X7 və 08.03.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 avqust 2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının yarısı miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu maddi imkanının olmadığını əsas gətirərək icra sənədini tam icra etmir. Halbuki, borclunun maddi imkanının aşağı olması onu icra sənədinin icrasından azad etmir. Belə ki, ona aylardır pul vermir. 2020-ci ilin martından 6 ay alimenti ödədi, sonra isə ödəmədi. Bu ilin martında 200 manat, apreldə isə 100 manat verib. Dəfələrlə razılığa gəlməyə çalışsa da, bunun heç bir nəticəsi olmamışdır. Borclunun alimenti tam ödəməyini istəyir, belə ki, məhkəmə prosesində borclunun verdiyi 500 manatla razılaşmır, həmin pulun ona hissə-hissə deyil, birdəfəlik ödənilməsini bocludan tələb edir. Sonda N.Ə.Səlimova borclunun alimenti tam olaraq ödəyəcəyinə inanmadığını bildirmiş və məhkəmədən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 24 mart 2006-cı il təvəllüdlü X6, 28.03.2007-ci il təvəllüdlü X7 və 08.03.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 18 avqust 2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının yarısı miqdarında aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs 22 aprel 2021-ci il tarixdən X13 MMC-nin Təmir-tikinti və rekonstruksiya işləri şöbəsində Hidravlikçilingər peşəsində çalışır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İnzibati xəta haqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs 22 aprel 2021-ci il tarixdən X13 MMC-nin Təmir-tikinti və rekonstruksiya işləri şöbəsində Hidravlik-çilingər peşəsində işləməsinə baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönədilməmiş, icra sənədinin icrası Şəxs məlum olmayan əmlakı hesabına icra edilməsi borcludan tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs 22 aprel 2021-ci il tarixdən X13 MMC-nin Təmir-tikinti və rekonstruksiya işləri şöbəsində Hidravlik-çilingər peşəsində işləməsinə baxmayaraq, icra məmuru tərəfindən tutmanın, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3cü maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönəldilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bundan əlavə Şəxs məhkəmə iclasında könüllü olaraq alimentin borcundan 500 manat hissəsində ödənilməsini təklif etmiş, tələbkar həmin pul vəsaitini qəbul etməkdən imtina etmişdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən, qərəzli olaraq icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-803/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-803/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver