Məhkəmə qərarları › İş №3(010)-810/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-810/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-810/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 1987-ci ildə Gürcüstan SSR, Tetriskard rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, restoranda aşpaz işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 07 iyun 2021-ci ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş 08 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 07 iyun 2021-ci ildə saat 20:45-də ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O cümlədən bildirir ki, 07 iyun 2021-ci ildə bir qədər spirtli içki içmiş və sərxoş vəziyyətə düşmüşdür. Saat 20.45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən «Aura» şadlıq sarayının yaxınlığında olduğu vaxt ona polis əməkdaşları yaxınlaşmış və özünü təqdim etməsini xahiş etmişlər. Sərxoş vəziyyətdə olduğuna görə polis əməkdaşlarının onu saxlayacağından qorxub həmin yerdən qaçmağa çalışmış, lakin müəyyən məsafə qət etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X2 bildirmişdir ki, son vaxtlarda xidməti ərazilərində baş verən oğurluq hadisələri ilə bağlı tədbirlər həyata keçirilir. 07 iyun 2021-ci ildə saat 20:45-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Aura» şadlıq sarayının yaxınlığında iş yoldaşı X4 ilə birlikdə olduqları vaxt sonradan adını bildikləri Şəxs özünü şübhəli apardığını görüb, şəxsiyyətini müəyyən etmək üçün ona yaxınlaşmışlar. Lakin həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, sonuncu qəfildən qaçmağa başlamışdır. Ona görə də həmin şəxsi təqib edib saxlamışlar. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bundan sonrada özünü təqdim etməmiş, bu səbəbdən onu şəxsiyyətini müəyyən etmək məqsədilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X4 şahid X1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 07 iyun 2021-ci il saat 20:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar