Məhkəmə qərarları › İş №3(010)-812/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-812/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-812/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Xocalı rayonu, Badara kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və protokola əlavə olunmuş digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Tofaş Şahin” minik markalı, 90ZS112 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hava limanı istiqamətindən Suraxanı rayonu, Ramana qəsəbəsi istiqamətinə saatda təxminən 60 km sürətlə hərəkət etdiyi zaman idarə etdiyi avtomobil X2 idarə etdiyi “Ford Transit” markalı, 90RO260 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində “Tofaş Şahin” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan hər iki avtomobilin sürücüsünü təqsirli bilmiş və hər ikisi haqqında protokol tərtib etmişdir. Həmin orqan “Ford Transit” markalı avtomobilin sürücüsünü onun avtomobilinin qarşısına çıxmasında, onu isə avtomobili sağ istiqamətə doğru hərəkət etdirməkdə təqsirli bilmişdir. Halbuki onun heç bir təqsiri yoxdur. Belə ki, o avtomobillə hərəkətdə olan zaman “Ford Transit” markalı avtomobil onun idarə etdiyi avtomobilə doğru gəlmiş, sonra dayanmışdır. O isə həmin avtomobilin dayandığını görüb sürməyə başlayanda həmin avtomobilin sürücüsü sola manevr etdiyindən o, avtomobili sağa doğru hərəkət etdirmişdir. Əgər o avtomobili sağa çəkməsəydi, bəlkə də, həmin vaxt avtomobildə olan özü və yoldaşı Zərərçəkmiş şəxs ölə bilərdi. Həmin hadisə nəticəsində “Ford Transit” markalı avtomobilin qabaq işığına ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs qeyd etdiklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Şəxs onun yoldaşıdır. O, işdən çıxanda Eldar onu avtomobillə götürmüşdür. Hadisə nəticəsində onun başı ön hissəyə dəymiş və dizində müəyyən zədələnmələr olmuşdur. Hal-hazırda tamamilə sağalmışdır. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Suraxanı Rayon Polis İdarəsindən Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Suad Həmzəyevin xx.xx.2024-cü il tarixli qərarı, həmin materialda olan zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın alın nahiyəsinin yumşaq toxumasının hematoması və sıyrığı, sağ bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/3626 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2. “Ford Transit” markalı 90RO260 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4 “Tofaş Şahin” markalı 90ZS112 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Suad Həmzəyevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, material üzrə qəbul edilmiş qərarın surəti Şəxs və X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Suraxanı DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar