Məhkəmə qərarları › İş №3(010)-815/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-815/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-815/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Hacıağa oğlunun iştirakı ilə, İmişli rayonu YNH-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 17 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı X10 tərəfindən verilmiş şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: İmişli rayonu YNH-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 17 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilmişdir. X10 həmin qərarla bağlı Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərardadı ilə İmişli rayonu YNH-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 17 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı X10 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə İmişli rayonu YNH-nin vəzifəli şəxsinin 17 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından X5 vermiş olduğu şikayət üzrə inzibati xəta haqqında material məhkəmə aidiyyəti məsələsi həll edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Hacıağa oğlu izahatında bildirmişdir ki, X10 istifadəsində olan “Kia Sorento” minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 16 dekabr 2023-cü ildə saat 17:40 radələrində İmişli rayonu, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, yan dönmə işıqlarını yandıraraq sola dönmə əməliyyatı etmək niyyətində olmuşdur. Yolayrıcına daxil olarkən yol hərəkəti qaydalarına riayət edərək, qarşı hərəkət zolağından gələn nəqliyyat vasitələrinə yol vermişdir. Qarşıdan, yolun əks istiqamətindən gələn son nəqliyyat vasitəsini də buraxdıqdan sonra dönmə əməliyyatını yerinə yetirərkən arxadan gələn LADA (VAZ) 2107 markalı, 44 BT757 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü kəskin manevr edərək ötmə əməliyyatı etmək istəmiş və yolun əks istiqamətinə çıxaraq bu anda yol nəqliyyat hadisəsi baş vermiş, LADA (VAZ 2107) avtomobili bu zaman X5 idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə zamanı X5 avtomobilinin sol ön hissəsi zədə almış və bununla da X7 maddi zərər dəymişdir. Hadisə yerinə sonradan İmişli rayon dövlət yol polisi əməkdaşları və eyni zamanda sığorta şirkətindən də əməkdaşlar yaxınlaşaraq işi nəzarətə götürmüşlər və tərəflərin şifahi izahatları alınmışdır. X10 özünü yalnız YHN inspektoru kimi təqdim edən, sonradan adının Taleh olduğunu bildiyi polis leytenantı elə yerindəcə X7 heç bir günahının olmadığını, qarşı tərəfin düzgün əməliyyat etmədiyini, əksinə X7 dəymiş maddi zərərin tələb olunmalı olduğunu bildirmişdir. Daha sonradan tərəfləri yazılı izahatının alınması üçün polis idarəsinə dəvət etmişlər və orada da hər ikisi ayrı ayrılıqda izahat vermişlər. Tərəflərin izahatları alındıqdan sonra X7 məlum olmuşdur ki, yol polis əməkdaşı YHN inspektoru polis leytenantı X9 əsassız yerə X5 barəsində protokol tərtib etmişdir. Protokola görə guya X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X10 orada etirazını və iş üzrə heç bir təqsirinin olmadığını, yəni heç bir inzibati xəta törətmədiyini bildirsə də, YHN inspektoru X2 Tofiq İlham oğlunun haqlı mövqeyini nəzərə almamış və protokolu X7 təqdim etməkdən imtina etmişdir. X10 protokolda bununla əlaqədar müvafiq qeydlərini aparmaq istəsə də, Qasımov Taleh protokolda qeydlər aparmağa icazə vermədi və protokolun surətini X7 təqdim etməkdən imtina etdi. X10 bu barədə həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etsə də heç bir tədbir görülmədi. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinin X10 tərəfindən pozulduğunu bildirərək, barəsində protokol tərtib edərək, X8 cərimə etmişdir. Beləliklə, İmişli rayonu YNH-ın İXP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində protokol və qərar tərtib edilmiş və 80 manat məbləğində cərimə edilmişdir. X1 yalnız xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Protokol da iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin olmasına dair heç bir məlumat yoxdur. Əmindir ki, inzibati tənbeh barədə qərarda bu barədə heç bir məlumat əksini tapmamışdır. Bundan əlavə, hadisə 17.40 radələrində olsa da, protokolda 18.30 dəqiqə göstərir, hadisənin baş vermə vaxtı inspektor tərəfindən qəsdən təhrif edilir. Bundan əlavə polis inspektoru nəqliyyat vasitəsinə dəymiş zərər barədə arayış tərtib etməmişdir. Beləliklə yol nəqliyyat hadisəsi YHN inspektoru X4 qərəzli mövqeyi nəticəsində adi inzibati xəta kimi təqdim edilir. Buradan da aydın olur ki, inspektorun iş üzrə hansısa bir marağı var. X5 barəsində tərtib olunmuş qərar tam qanunsuz və əsassızdır. Göründüyü kimi hansı əsaslarla X5 cərimə olunmağına dair polis əməkdaşı X7 heç bir açıqlama verə bilməmişdir. X10 uzun illərdir avtomobil idarə edir və yol hərəkəti qaydalarına hər zaman riayət etmişdir. X10 qanunvericilikdə nəzərdə tutulan ardıcıllıqla yolayrıcını keçmək istəyərkən, başqa avtomobil sürücüsünün qayda pozuntusu edərək qəza törətməsinə görə X10 məsuliyyət daşıya bilməz və əsassız yerə cərimə ödəyə bilməz. Polis əməkdaşı hüquqdan sui-istifadə edərək, heç bir araşdırma aparmadan və işin faktiki hallarına zidd olaraq X8 əsassız yerə cərimələmişdir. Ola bilsin ki, polis əməkdaşı yazdıqları cərimədən hər-hansı faiz gəliri götürəcəklərindən protokol tərtib edərkən vətəndaşın şəxsiyyətini, ailə durumunu, işin hallarını nəzərə almırlar. Hazırkı cərimə X5 barəsində əsassız olaraq tətbiq olunduğu üçün X7 maddi zərər vurmaqla bərabər mənəvi əziyyət verir. X5 əməlində inzibati xəta tərkibi yoxdur və mən heç bir inzibati hadisə törətməmişdir. Yol polisi əməkdaşı X9 Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, hərəkət də olduğu yolda 3.1 “Giriş qadağandır” yol nişanı olmayıb, və ya .... əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə dair heç bir işarə və ya nişan olmamışdır, X10 tərəfindən hər hansı səhv dönmə, ötmə əməliyyatları edilməmişdir. YHN inspektoru tərəfindən hadisə ilə əlaqədar aparılan araşdırma qərəzli xarakter daşıyır, tərtib edilən protokol isə işdə marağı olan şəxs tərəfindən tərtib edilən protokol təsiri bağışlayır. Yenə qeyd edir ki, hadisə baş verən yolda heç bir ayırıcı xətt, sola dönmə əməliyyatını qadağan edən heç bir işarə qoyulmamışdır. Bu isə ona əsas verir ki, X10 gözləmə hərəkətini etməklə qarşıdan, yolun əks istiqamətindən hərəkət edən avtomobili buraxmaqla sola dönmə əməliyyatını edə bilərdi. Göstərilənlərə əsasən X5 barəsində çıxarılmış İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən tərtib edilmiş TP ******* saylı qərarın ləvğ edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İmişli Rayon Polis Şöbəsi və DİN Baş Dövlət Yol Polisi İdarəsi nümayəndələrini göndərməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə İmişli Rayon Polis Şöbəsinin və DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. İmişli rayonu YNH-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 17 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 16 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İmişli Rayon Polis Şöbəsi və DİN Baş Dövlət Yol Polisi İdarəsi nümayəndələrini göndərməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) məhkəməyə bildirdiklərindən görünür ki, X10 inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, İmişli Rayon Polis Şöbəsi və DİN Baş Dövlət Yol Polisi İdarəsi nümayəndələrini məhkəməyə göndərməmiş, hadisənin videogörüntüsünü təqdim etməmişlər. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin olunsun. İmişli rayonu YNH-nin vəzifəli şəxsinin X5 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə edilməsinə dair 17 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün İmişli Rayon Polis Şöbəsinə və DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar