Məhkəmə qərarları › İş №3(010)-822/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-822/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-822/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X4 iştirakı ilə, X4, xx xxxxxx 1983-cü ildə Almaniya Federativ Respublikasının, Veymar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0Y5ZBWP, evli, “ABC-Telekom” X2 koordinator işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 29 nömrəli evin 78 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla A.Z.Almasov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X4 Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayəti xx xxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Həmin şikayət A.Z.Almasov tərəfindən imzalanmadığına görə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. xx xxxxxx 2020-ci il tarixdə X4 Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti təkrarən məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətini müdafiə edərək göstərdi ki, “ABC-Telekom” X2 operator vəzifəsində işləyir. Ölkə ərazisində koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli qərarına əsasən bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, sözügedən qərara əlavənin 5.6-cı bəndi ilə pərakəndə və topdan satış üzrə onlayn satış fəaliyyətinə icazə verilən sahələrin siyahısına daxil edilmişdir. Qeyd edilən əlavə ilə onlayn satış fəaliyyətinə icazə verilən sahələrə aid edildiyindən o, işlədiyi müəssisə tərəfindən onlayn satış üzrə fəaliyyətə cəlb edilmiş, bu səbəbdən də yaşayış yerini tərk etmək zərurəti olduğundan bununla əlaqədar xx xxxx 2020-ci il tarixdə ona məxsus AA0079852 seriya və nömrəli biometrik şəxsiyyət vəsiqəsi üzrə elektron qaydada müvafiq icazə alınmışdır. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin inspektorları tərəfindən saxlanılaraq yaşayış yerini tərk etməsi üçün icazəsinin olub-olmadığı soruşulmuş, bu zaman o, inspektorlara işlədiyi müəssisənin adını, fəaliyyət növünü, onlayn satışla bağlı fəaliyyətə cəlb edildiyini, bununla bağlı işlədiyi müəssisə tərəfindən elektron qaydada müvafiq icazənin alındığını bildirmiş və elektron icazəni təsdiq edən sənədi kağız daşıyıcıda inspektorlara təqdim etmişdir. Elektron icazəni təsdiq edən sənədi kağız daşıyıcıda inspektorlara təqdim etdikdən sonra onlar ona, işlədiyi müəssisənin fəaliyyəti dayandırıldığından elektron qaydada alınmış icazənin hüquqi qüvvəsinin olmadığını və bu səbəbdən də barəsində karantin rejiminin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu bildirmişlər. Bu zaman o, inspektorlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən onlayn satışla bağlı faəliyyətə icazə verildiyini, buna görə də alınmış elektron icazənin hüquqi baxımdan etibarlı olmaqla yaşayış yerini tərk etmək üçün əsas olduğunu bildirsə də, onlar yenə də təkidlə işlədiyi müəssisənin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi dövründə dayandırıldığını qeyd etməklə barəsində qanunsuz və əsassız inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişlər. Sonda A.Z.Almasov Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş “my.gov.az” internet portalından çıxarışdan görünür ki, “ABC-Telekom” X2 koordinator vəzifəsində işləyən X6 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin inzibati əraziləri üzrə hərəkətinə icazə verilmiş və həmin xidməti buraxılış portalda təsdiqlənmişdir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Baş Nazirinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli qərarının 1-ci bəndinə, 1.1, 1.1.1-1.1.4-cü yarımbənlərinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) üzrə fəaliyyət 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dayandırılmışdır. Həmin Qərarın 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Baş Nazirinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli qərarının tələblərinə əsasən “ABC-Telekom” X2 koordinator vəzifəsində işləyən X1 rejimi dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin inzibati əraziləri üzrə hərəkətinə icazə verilməsinə və həmin xidməti buraxılışın portalda təsdiqlənməsinə baxmayaraq, xx xxxx 2020-ci il tarixdə A.Z.Almasovun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla A.Z.Almasov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, A.Z.Almasovun hazırda məhkəməyə təqdim etdiyi sübutlara, yəni inzibati xətanın olmamasına və işin düzgün həlli üçün əhəmiyyətli olan məlumatlara malik olan Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 qanunvericiliyin yuxarıda qeyd tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə hər hansı bir əsas olmadan, A.Z.Almasovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X4 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar