Məhkəmə qərarları › İş №3(010)-829/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-829/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-829/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, təqaüdçü, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Tusi küçəsi, 10 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxx 2020-ci il tarixdə, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Tusi küçəsi, 10 nömrəli evdə aralarında yaranmış mübahisə zamanı, gəlini X3 qəsdən vuraraq, sonuncuya sol saidin qançırı, sağ çənəaltı nahiyənin və sağ baldırın sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı evin həyətində iş gördüyü zaman gəlini Qumru yanına gəlib ona maneə olmağa başlamışdır. Qumruya kənara çəkilib dayanmağını, maneə olmamağını demiş, bu zaman Qumru onu boğmağa başlamış və əl qol atmışdır. Buna görə də özünü müdafiə etmək üçün Qumrunun saçından tutaraq itələmişdir. Qumru isə onun əynində olan şortikindən tutub dartmış, onu buraxması üçün əlində olan vintaçanla Qumrunun qolunu cızmışdır. Sonda Şəxs barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 bildirdi ki, xx xxxx 2020-ci il tarixdə qayınatasının, birgə yaşadıqları evin həyətində toyuqların dəmir setkanı kəsdiyini görüb çölə çıxaraq sonuncuya öz iradını bildirib ondan setkanı kəsməsinin səbəbini soruşmuşdur. Şəxs isə cavabında bunun ona heç bir aidiyyatının olmadığını bildirmişdir. Daha sonra Şəxs əlindəki vintaçanı onun qarnına söykəyərək, hədələyərək onu itələmiş və o, müvazinatını itirərək yerə yıxılmışdır. Şəxs bununla sakitləşməyərək qayçı ilə sol ayağını kəsmiş, sol qolundan dişləmiş, habelə onu boğmağa başlamışdır. Sonda Q.A.İslamova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 bildirdi ki, Q.A.İslamova xx xxxx 2020-ci il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək, qaynatası Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Tusi küçəsi, 10 nömrəli evdə onu döydüyünü bildirmişdir. Q.A.İslamovanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 663 saylı rəyindən görünür ki, X2 bədən səthində sol saidin qançırı, sağ çənəaltı nahiyənin və sağ baldırın sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü-özünə yetirməsi inandırıcı deyil. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Pərvin İbrahimovun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Q.A.İslamovanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti ərazidə xidmət aparan sahə inspektoruna göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs yaşını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar