Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-834/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 31 mart 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC 25.807,67 Avro məbləğində vəsaiti 28.02.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25.807,67 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 01.03.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir». Şəxs MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq bildirmişdir ki, xaricdən idxal olunan mallar Şəxs MMC-yə göndərilmiş və hal-hazırda MMC-nin istifadəsindədir. Onlar bununla bağlı gömrük bəyannaməsini Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərmişlər. Həmin bəyannamə Azərbaycan Respublikasının Mərkəzi Bankın portalında göstərilmədiyindən MMC barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 28 fevral 2020-ci ildə 25.807,67 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə həmçinin müəyyən olunur ki, yuxarıda göstərilən ödəniş hesabına əldə olunmuş mallar 17 iyun 2020-ci ildə Azərbaycan Respublikasının ərazisinə idxal olunmuşlar (bu halı təsdiq edən gömrük bəyannaməsi və «Paşa Bank»ın Şəxs MMC-yə ünvanlanmış məktubu iş materiallarına əlavə edilib). Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur». Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur». İşin faktik halları ilə isə müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmiş, inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 31 mart 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-834/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-834/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver