Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-835/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X3 iştirakı ilə, Şəxs, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 17 dekabr 2022-ci il tarixdə narkotik maddə marixuana qəbul edərək həmin narkotik vasitənin təsirindən yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadığı halda qardaşına məxsus “VAZ 2106” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib avtomobilin saxlanmasına dair yol-patrul xidməti əməkdaşının qanuni tələbini yerinə yetirməyərək hərəkət surətini artırıb əks hərəkət zolağına çıxmaqla “Mersedes 270" markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes 270" markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 maddi zərər vurulmuşdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon X1 08 fevral 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 17 dekabr 2022-ci il tarixdə qardaşına məxsus “VAZ 2106“ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yeni Ramana qəsəbəsində yaşadığı evə gedərkən polis əməkdaşları ona saxla əmri vermiş, lakin o, saxla əmrinə məhəl qoymayaraq avtomobili saxlamamışdır. Hərəkətinə davam edərkən “Mersedes“ markalı avtomobillə toqquşaraq qəza törətmişdir. Həmin vaxt o, marixuana kimi tanıdığı narkotik vasitənin təsiri altında olmuşdur və avtomobili idarə etmək hüququ olmamışdır. Buna görə də, Yol Patrul Xidmətinin inspektorunun əmrinə tabe olmamışdır. Sonda Şəxs məhkəmədən cavanlığını nəzərə alaraq, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X6 bildirdi ki, Şəxs ilk dəfədir ki, narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitədən asılılığı yoxdur və bu səbəbdən də məcburi müalicəyə ehtiyac deyil. X2 məhkəmədən Şəxs barəsində həbslə əlaqəli olmayan cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Bakı şəhəri Suraxanı rayon Prokurorunun nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 334.3-cü maddələri ilə tövsif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işi başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 327.3, 332.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmasına dair inzibati araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 yanvar 2023-cü il tarixli, 83 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının 18 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, “Şübhəli şəxs Şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd papiros formasında kağız bükülülə ümumi çəkisi- 0,495 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 0,201 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 334.3-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə 800 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-835/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-835/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver