Məhkəmə qərarları › İş №3(010)-894/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-894/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-894/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, taksi sürücüsü işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadənin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə dair 09 oktyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadə izahatında göstərdi ki, MN seriyalı ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs 8404,17 (səkkiz min dörd yüz dörd manat on yeddi qəpik) manat məbləğində borc, 240 (iki yüz qırx) manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqı və 106,45 (yüz altı manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda borc 8751 manatdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, hazırda imkansız olduğunu, belə ki, aylıq 500 manat məbləğində aliment ödədiyini, bundan başqa da kirayədə yaşadığını və ona da aylıq ödəniş etdiyini, tələbkara ilk dörd ay pul verdikdən sonra 1 dəfə 100 manat məbləğində pul ödədiyini, bu barədə əlində qəbzi də olduğunu, hər ay 50 manat ödəyə biləcəcəyini, daha artıq pul ödəməyə imkanı çatmadığını bildirərək, barəsində tərtib edilmiş protokol barəsində hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında tələbkar X4 izahatında borclunun ona artıq 1 ildən artıq müddətdir ki, pul ödəmədiyini, borclunun 100 manat məbləğində ödəniş etməsi barədə bildirməsinə baxmayaraq, heç bir ödənişin edilmədiyini, özünün məktəb müəllimi olduğunu, ağır şəkər xəstəsi olduğunu, yoldaşının rəhmətə getdiyini, tək yaşadığını və pula ehtiyacı olduğunu, borclunun hər ay 50 manat ödənilməsinə qəti olaraq etiraz etdiyini, borcludan tam məbləği tələb etdiyini bildirərək, borclunun həbs edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə dair 09 oktyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs 8404,17 (səkkiz min dörd yüz dörd manat on yeddi qəpik) manat məbləğində borc, 240 (iki yüz qırx) manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqı və 106,45 (yüz altı manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X3 ödənilməsi qət edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə dair 09 oktyabr 2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs yüngülləşdirən halları müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12 (on iki) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 15:50-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar