Məhkəmə qərarları › İş №3(010)-9/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-9/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-9/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1961-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 3 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 00:40-da “Opel Astra” minik markalı 90MG962 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ilə idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Həmin material xx xxxxxx 2020-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 400 manat miqdarında cərimə edilmişdir. Şəxs şikayətinə əsasən materiala apelyasiya instansiyası məhkəməsində baxılmış və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək material hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı qeyd etmişdir ki, ona istinad edilən inzibati xətaları törətməyib. Belə ki, xx xxxxxx 2020-ci ildə saat 21:25 radələrində “Opel Astra” minik markalı 90MG962 dövlət qeydiyyat nişanlı avtomobilini təhlükəsizlik kəmərindən istifadə etməklə idarə edərkən yol patrul xidmətinin İnşallah adlı əməkdaşı tərəfindən saxlanılmış və içkili olub-olmadığı soruşulmuşdur. Cavabında həmin polis əməkdaşına bildirmişdir ki, içkili deyil. Ürəyində cərrahi əməliyyat keçirdiyinə görə təxminən 3 ildir ki, ümumiyyətlə spirtli içki qəbul etmir. Lakin polis əməkdaşı ona inanmadığını deyərək birlikdə şöbəyə getməli olduqlarını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onun icazəsi olmadan “Opel Astra” minik markalı 90MG962 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmiş və şöbəyə getmək adı ilə avtomobili cərimə meydançasına aparmışdır. Bu zaman polis əməkdaşlarından tələb etmişdir ki, onu həkimə aparıb, içkili olub-olmadığını yoxlatdırsınlar. Lakin bütün tələbləri nəticəsiz qalmışdır. Beləliklə, avtomobili cərimə meydançasına aparılmış, polis əməkdaşları onu cərimə meydançasının yanında avtomobildən düşürüb getmişlər. Həmin vaxt üstündə pul olmadığına görə taksi sifariş edə bilməmiş və məcburiyyət qarşısında qalıb piyada evinə gedərək saat 11.20 radələrində çatmışdır. Həmçinin dərhal 102 xidmətinə zəng edib polis əməkdaşlarının özbaşınalığı barədə məlumat vermişdir. Həmin gün 102 xidmətinə 2 dəfə zəng etmiş, lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Ertəsi gün rəisin qəbuluna getmiş və hadisə barədə ona da məlumat vermişdir. Bunun da heç bir nəticəsi olmamış, əksinə xx xxxxxx 2020-ci ildə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda öz etirazını yazılı formada bildirib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vurğulayır ki, təhlükəsizlik kəmərindən istifadə etmədiyinə dair inzibati xəta haqqında protokolda göstərilənlər yalandır. Belə ki, təhlükəsizlik kəmərindən istifadə etmədən ümumiyyətlə avtomobil idarə etmir. Hadisə vaxtı da təhlükəsizlik kəmərindən istifadə edib. Onun alkotester müayinəsindən keçirildiyinə dair bildirilənlər də yalandır. Belə ki, alkotester müayinəsindən keçirilməmiş, həmçinin həkim müayinəsindən keçirilməsini tələb etdiyinə baxmayaraq, polis əməkdaşları onun bu tələbinə məhəl qoymamışlar. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon DYPŞ nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan və digər aidiyyəti müddəalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı inzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən sübuta yetirilməlidir. Bununla bağlı məhkəmə aşağıdakılara diqqət yetirməyi zəruri sayır. İş materiallarına alkotesterin çıxarışı əlavə olunub. Həmin çıxarışda Şəxs aşkar edilmiş alkoqolun miqdarının 0,679% təşkil etdiyi göstərilib. Buna baxmayaraq, iş materiallarına «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol əlavə edilməyib. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, xüsusi texniki vasitədən istifadə etməklə aparılmış sərxoşluq vəziyyəti müayinəsinin nəticəsi protokollaşdırılmamışdır. Bu isə Azərbaycan Respublikası İXM-nin 96.3 və 96.5-ci maddələrinin tələblərinə ziddir (həmin maddələrə əsasən «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir», «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir»). Təqdim olunmuş materiala xx xxxxxx 2020-ci il tarixli akt əlavə edilib. Həmin aktda “Opel Astra” markalı 90MG962 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xx xxxxxx 2020-ci ildə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi göstərilir. Hesab edirəm ki, bu akt aşağıdakı səbəblərə görə mötəbər sübut kimi qiymətləndirilə bilməz. xx xxxxxx 2020-ci il tarixli akt dörd nəfər tərəfindən imzalanıb: Tural Kamranzadə, İnşallah Qasımov, Elizbar Əhmədov və Rizvan Əhmədov. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunu ilə aktı imzalamış Tural Kamranzadənin polis əməkdaşı olduğu müəyyən edilir. Lakin eyni aktı imzalamış digər üç nəfərin şəxsiyyəti ilə bağlı istər aktın özündə, istərsə də iş materiallarında heç bir məlumat yoxdur. Belə olan halda İnşallah Qasımov (ola bilər ki, bu şəxs Şəxs bildirdiyi «İnşallah» adlı polis əməkdaşıdır), Elizbar Əhmədov və Rizvan Əhmədov adlı şəxslərin konkret olaraq kim olduğu və ümumiyyətlə belə adlı şəxslərin mövcud olub-olmadığı müəyyən edilmir. Məhkəmə xx xxxxxx 2020-ci il tarixli aktla bağlı həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 69.3-cü maddəsinə əsasən «Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir». xx xxxxxx 2020-ci il tarixli aktı imzalamış İnşallah Qasımov, Elizbar Əhmədov və Rizvan Əhmədov adlı şəxslərin adları İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilməyib. Ona görə də sual yaranır. X1 (əgər polis əməkdaşı deyilsə), Elizbar Əhmədov və Rizvan Əhmədov adlı şəxslər işə hal şahidləri qismində cəlb edilmişlərsə, hansı səbəbdən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Tural Kamranzadə Azərbaycan Respublikası İXM-nin 69.3-cü maddəsinin tələbini pozaraq, onların adlarını inzibati xəta haqqında protokolda göstərməyib? Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 69.5-ci maddəsinə əsasən «İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər». İş materiallarında İnşallah Qasımov, Elizbar Əhmədov və Rizvan Əhmədov adlı şəxslər barədə məlumatın olmaması, həmçinin Suraxanı rayon DYPŞ-nin məhkəməyə öz nümayəndəsini göndərməməsi səbəbindən məhkəmədə həmin şəxslərin müəyyən edilib dəvət olunaraq sorğu-sual edilməsi mümkün olmamışdır. xx xxxxxx 2020-ci il tarixli aktla bağlı məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirir ki, polis əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci ildə deyil, xx xxxxxx 2020-ci ildə saxlanılmış, elə həmin tarixdə polis əməkdaşı onun avtomobilini idarə edərək cərimə meydançasına aparmış, o, isə avtomobil cərimə meydançasına təhvil verildikdən sonra piyada evinə getmiş və saat 11.20 radələrində evinə çatmışdır. Avtomobilin cərimə meydançasına məhz xx xxxxxx 2020-ci ildə təhvil verilməsi halı iş materiallarına əlavə edilmiş «Avtonəqliyyat vasitəsinin qəbulu barədə» aktla təsdiq edilir. Belə olan halda «Avtonəqliyyat vasitəsinin qəbulu barədə» aktla yuxarıda göstərilən xx xxxxxx 2020-ci il tarixli akt arasında ziddiyyət yaranır. Belə ki, avtomobilin xx xxxxxx 2020-ci ildə cərimə meydançasına təhvil verildiyi halda eyni avtomobilin sürücü tərəfindən xx xxxxxx 2020-ci ildə sərxoş vəziyyətdə idarə edildiyinə dair xx xxxxxx 2020-ci il tarixli aktda göstərilənlər sual və əsaslı şübhə doğurur. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə xx xxxxxx 2020ci il tarixli aktı mötəbər sübut kimi qəbul etmir. İşdə digər ziddiyyətlər də mövcuddur. Belə ki, alkotesterin (xüsusi texniki vasitənin) çıxarışında müvafiq müayinənin xx xxxxxx 2020-ci ildə saat 00.36-da aparıldığı göstərilib. İnzibati xəta haqqında protokol da eyni tarixdə saat 00.40-di tərtib edilmişdir. Belə olan halda avtomobilin hansı səbəbdən cərimə meydançasına xx xxxxxx 2020-ci ildə aparıldığı müəmmalıdır. xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən aşağıdakı məzmunda qeydiyyat aparılıb: «Mən protokolla razı deyiləm, mən saxlanıldığım vaxt 21.25-də, saxlanıldığım yer Suraxanı rayonu Əmircan qəsəbəsi 1/93 saylı binanın qarşısında içkili vəziyyətdə olmamışam. Həkim müayinəsindən keçməmişəm. xx.xx.2020-ci il». Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiklərindən və inzibati xəta haqqında protokolda etdiyi qeydin məzmunundan görünür ki, o, inzibati xəta haqqında protokolla razılaşmamış, sərxoş olub-olmamasının müəyyən edilməsi üçün həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Şəxs həmçinin bildirir ki, alkotester müayinəsindən də keçirilməyib. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır». Qeyd olunanları nəzərə aldıqda görünür ki, inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinin tələbləri də pozulmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tələb etdiyinə baxmayaraq tibbi müayinədən keçirilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat Suraxanı rayon DYPŞ tərəfindən çoxsaylı pozuntularla aparılıb. Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir», «Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir». Məhkəməyədək icraat zamanı yol verilmiş çoxsaylı prosessual pozuntuları, həmçinin təqdim edilmiş sənədlər arasındakı ziddiyyətləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı (inzibati xəta hadisəsinin baş verməsi halı) sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 329.1-ci maddəsini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət X2, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Suraxanı Rayon Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar