Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-9/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şəxs tərəfindən Şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin ******* nömrəli 22 avqust 2021-ci il tarixli icra sənədini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6105/2021 nömrəli 01 dekabr 2021-ci il tarixli icra sənədini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-742/2022 nömrəli 20 aprel 2022-ci il tarixli icra sənədini, Bakı şəhəri 18 saylı Notariat Kontorunun 8İ-9197 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2163/2022 nömrəli 20 aprel 2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. 01 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında borclu Şəxs borcundan tələbkarlara ödəniş etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, borclunun həmin vəsatəti təmin olunaraq məhkəmə iclası 15 sentyabr 2022-ci il tarixinə saat 12:00-a təxirə salınmışdır. Lakin borclu Şəxs təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri ilə bağlı məlumat verməmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə Şəxs məhkəməyə məcburi qaydada gətirilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılması qərara alınmışdır. Lakin, ötən 01 il ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğuna görə icra sənədləri üzrə öhdəliyini icra edə bilməmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından isə görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, yəni Şəxs barəsində 01 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 01 il 15 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-9/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-9/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver