Məhkəmə qərarları › İş №3(010)-911/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-911/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-911/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs 25 avqust 1960-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 285 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən, Ağdam şəhəri, Z.Hacıyev küçəsi, 83 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 2 nömrəli evin 45 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 05 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 may 2021-ci il tarixdə, saat 11 radələrində bilə-bilə yalan izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, 285 №-li tam orta məktəbdə müəllim işləyir. Yaşadığı binada yaşayan qonşusu Vüsalə ilə əvvəllər normal qonşu münasibəti olmuşdur. Bir-birinin evinə get-gəlləri olmuşdur. Vüsalə təxminən 6-7 il bundan əvvəl işsiz olmuş və ondan 285 №-li məktəbdə işə düzəlməsində ona köməklik etməsini xahiş etmişdir. O, Vüsalənin kitabxanaçılıq təhsili aldığını, məktəbdə kitabxana müdiri vəzifəsində işləyən şəxsin isə analıq məzuniyyətində olduğunu bildiyinə görə Vüsaləyə qonşu olaraq yaxşılıq etmək məqsədi ilə köməklik edəcəyini bildirmişdir. Eyni zamanda Vüsaləyə işə qəbul məsələlərinin məktəbin direktorunun səlahiyyətində olduğunu, sonuncudan onun işə götürülməsini xahiş edəcəyini, müsbət cavab veriləcəyi təqdirdə sənədləşmə və s. işləri direktorla özü danışıb həll etməli olduğunu demişdir. Bundan sonra Vüsalə məktəbə işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə əvəz etdiyi vəzifə üzrə analıq məzuniyyətində olan şəxs məzuniyyətdən geri qayıtdığından Vüsalə tutduğu vəzifədən azad edilmişdir. Bundan təsirlənən Vüsalə, guya işə düzəlmək üçün ona pul verməsi barədə hüquq mühafizə orqanlarına böhtan xarakterli şikayət ərizələri ünvanlamışdır. Halbuki, Vüsalə işə düzəlmək üçün ona heç bir məbləğdə pul verməmiş o, isə heç bir məbləğdə pulu Vüsalədən tələb etməmişdir. Bundan başqa, Vüsalə ilə rastlaşdıqda sonuncu dəfələrlə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Sonuncu dəfə 21 may 2021-ci il tarixdə, saat 11 radələrində işlədiyi 285 №-li məktəbə gedərkən məktəbin qarşısında Vüsalə ilə rastlaşmış bu zaman Vüsalə əvvəllər olduğu kimi ondan pulunun geri qaytarılmasını tələb etmiş, o, isə Vüsalədən pul almadığını xatırlatdıqda sonuncu yenə də onun ünvanına nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Vüsalə daha da aqressivləşərək, əli ilə onun sol çiyin nahiyyəsindən sıxmaqla ona xəsarət yetirmişdir. Hadisə işlədiyi məktəbin önündə baş vermiş, həmin vaxt ətrafda bir neçə şəxs və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X8 da olmuşdur. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Onun müraciəti əsasında parılmış araşdırma zamanı cinayət işinin başlanması rədd edilmiş və onun bilə-bilə yalan izahat verdiyi qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin o, təhqiqat orqanına döyülmə faktı ilə bağlı yalan izahat verməmiş, onun şikayət ərizəsində və izahatında göstərdiyi xüsusatlar həqiqəti əks etdirir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir inzibati xəta əməli törətmədiyini bildirərək məhkəmədən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şəxs ilə X9 arasında 21 may 2021-ci il tarixdə, saat 11 radələrində 285 №-li tam orta məktəbin qarşısında şəxsi münasibətlər zamanı sözlə mübahisə olmuş, mübahisə zamanı tərəflər ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməmişlər, döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və kimi sair hərəkətlər edilməmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs X9 tərəfindən döyülərək xəsarət alması barədə izahatı təhqiqat orqanı tərəfindən yalan izahat vermə kimi qiymətləndirilərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 24 may 2021-ci il tarixli ərizədən və izahatdan görünür ki, Şəxs 21 may 2021-ci il tarixdə, saat 11 radələrində işlədiyi 285 №-li məktəbə işə gedərkən qonşusu X9 tərəfindən döyülməsi və ünvanına nalayiq ifadələr işlədilməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ərizə və izahat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X12 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 27 may 2021ci il tarixli, 482 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Şəxs bədən səthində döş qəfəsinin qançırı xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, 21 may 2021-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətllərinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs 21 may 2021-ci il tarixdə, saat 11 radələrində işlədiyi 285 №-li məktəbə işə gedərkən qonşusu X9 tərəfindən döyülməsi barədə 24 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs X9 tərəfindən döyülərək xəsarət alması barədə izahatı təhqiqat orqanı tərəfindən yalan izahat kimi qiymətləndirilmişdir. İbtidai araşdırma orqanının belə bir nəticəyə gəlməsinə əsas Şəxs X4 qarşı qərəzli mövqedə olması, şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 ifadəsi və canlı şəxsin ekspertizasının 27 may 2021ci il tarixli, 482 nömrəli rəyi, daha dəqiq rəydəki “həmin xəsarətin eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur” ifadəsi olmuşdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin qərara alınmasına əsas olmuş yuxarıda qeyd edilən əsaslara ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. İlk növbədə məhkəmə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 izahatına münasibətdə qeyd edir ki, X8 21 may 2021-ci il tarixdə 285 №-li məktəbin qarşısında Şəxs X9 ilə mübahisə etdiklərini, sonuncular arasında hər hansı bir inzibati xəta tərkibli hadisənin baş vermədiyini, Şəxs döyülməsinin şahidi olmadığını qeyd etsə də, iş üzrə təyin edilmiş canlı şəxsin ekspertizasının 27 may 2021-ci il tarixli, 482 nömrəli rəyindən Şəxs bədən səthində döş qəfəsinin qançırı xəsarəti aşkar edildiyi müəyyən edilir. Göründüyü kimi 21 may 2021-ci il tarixdə X9 ilə mübahisə etdiyi zaman Şəxs faktiki olaraq xəsarət alması işdə olan sübutlarla təsdiq olunur və şahid X2 izahatında qeyd edilən şəxslər arasında hər hansı bir inzibati xəta tərkibli hadisənin baş vermədiyini, Şəxs döyülməsinin şahidi olmadığını qeyd etməsi özü-özülüyündə bu faktı, yəni Şəxs xəsarət almasını mübahisə predmeti etmir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, şahid X8 mübahisəyə müdaxilə etmədən hadisə yerindən uzaqlaşmışdır ki, bu da sözü gedən xəsarətin məhz bundan sonra yetirilməsini istisna etmir. Canlı şəxsin ekspertizasının 27 may 2021-ci il tarixli, 482 nömrəli rəyinin “xəsarətin eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur” ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, rəyin həmin müddəasının 1-ci hissəsi, yəni “digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınması inkar olunmur” nöqteyi nəzrdən yanaşdıqda Şəxs xeyrinə, 2-ci hissəsi “eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur” nöqteyi nəzrdən yanaşdıqda Şəxs ziyanına təsfir edilə bilər ki, bu da kifayət qədər mübahisəli olmaqla şübhə doğurur. İbtidai araşdırma orqanı isə hər hansı bir əsas olmadan canlı şəxsin ekspertizasının 27 may 2021-ci il tarixli, 482 nömrəli rəyinin “eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur” ifadəsini əsas götürmüşdür. Şəxs X4 qarşı qərəzli mövqedə olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, qərəzlilikdə bir mənalı olaraq Şəxs X4 qarşı deyil, sonuncular bir-birlərinə qarşılıqlı qərəzli olmuşlar. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 fevral 2020-ci il tarixli və 20 iyun 2021-ci il tarixli qərarlardan müəyyən olunur ki, müvafiq olaraq 24 yanvar 2020ci il tarixdə, yəni birinci dəfə X1 Təranə Allahyar qızına qarşı, ikinci dəfə isə sonuncu X4 qarşı şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə mürüciət etmiş, hər iki halda cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bir mənalı olaraq Şəxs X4 qarşı qərəzli mövqedə olması qənaətinə gəlinməsi yol verilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı Qasım Poladlı qəbul etdiyi cinayət işinin rədd edilməsi haqqında 20 iyun 2021-ci il tarixli qərarında Şəxs X4 qarşı qərəzli mövqedə olmasını, şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 ifadəsini və canlı şəxsin ekspertizasının 27 may 2021-ci il tarixli, 482 nömrəli rəyini, daha dəqiq rəydəki “həmin xəsarətin eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur” ifadəsini əsas götürməkdə haqlı olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görə-iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur. Məhkəmə hesab edir ki, hətta Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsində toplanmış təhqiqat materialı üzrə bilə-bilə yalan izahat vermiş olsa idi belə, bu onun əməlində Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinin dispozisiyasından da göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyət inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin bilə-bilə yalan izahat verməsinə görə yaranır. Şəxs isə izahatını təhqiqat araşdırması zamanı vermiş və sonuncu həmin vaxt ümumiyyətlə hər hansı bir statusda cəlb edilməmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar