Məhkəmə qərarları › İş №3(010)-92/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-92/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-92/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(010)-10324/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 24 avqust 2005-ci il təvəllüdlü X4 və 24 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 sentyabr 2017-ci il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tələbkar Əhədova (Kazımova) Leyla Faiq qızının xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədiini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(010)-10324/2017 nömrəli icra vərəqəsinə əsasən ondan 29 sentyabr 2017-ci il tarixindən başlayaraq, 24 avqust 2005-ci il təvəllüdlü X4 və 24 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tələbkar Əhədova (Kazımova) Leyla Faiq qızının xeyrinə tutulması müəyyən edilmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğuna görə icra sənədi üzrə öhdəliyini icra edə bilməmişdir. Belə ki, 6 aydır işsizdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-10324/2021 saylı, 15.12.2017ci il tarixli icra sənədinə əsasən Şəxs 24.08.2005-ci il təvəllüdlü X4 və 24.11.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 272 manat alimentin tutularaq Əhədova (Kazımova) Leyla Faiq qızının xeyrinə tutulması müəyyən edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş və icraata başlanılaraq borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunu ödəmədiyi və çağırışlara gəlmədiyi üçün barəsinda axtarış elan edilmişdir. Borclu borcunu ödəmədiyindən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun hal-hazırda icra sənədi üzrə aliment borcu 11400 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(010)-10324/2017 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 24 avqust 2005-ci il təvəllüdlü X4 və 24 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 sentyabr 2017-ci il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tələbkar Əhədova (Kazımova) Leyla Faiq qızının xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 02 fevral 2018-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(010)- 10324/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. 13 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcu Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(010)- 10324/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 11.400 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Şəxs inzibati xətaya görə 07 iyun 2021-ci il tarixdə inzibati tənbeh almasını və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən, saat 15:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar