Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-921/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X2, 01 sentyabr 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 380DRR1, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni Zığ yaşayış kompleksi, 1 nömrəli evdə yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 10 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X8 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. 14 iyun 2021-ci il tarixdə X2, barəsində qəbul edilmiş 10 mart 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsinə inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə edilmədiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 3(010)- 832/2021 nömrəli qərardadı ilə X2 şikayəti geri qaytarılmış, X3 barəsində qəbul edilmiş 10 mart 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilmişdir. 08 iyul 2021-ci il tarixdə X2 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərardan şikayəti təkrarən məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 bildirdi ki, 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, yeni Zığ yaşayış komleksində yerləşən “Zığ Store” mağazasından çıxarkən öz şəxsi avtomobilinə əyləşən zaman tibbi maskanı çıxartmış, bu zaman post patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmədən rəisə yaxınlaşmalı oduğunu bildirmişlər, rəis isə xidməti avtomobildə əyləşmişdir. O, tibbi maskanı taxaraq avtomobilindən düşüb polis avtomobilinə yaxınlaşmışdır. Polis avtomobilində əyləşmiş və yenə də özünü təqdim etməyən polis mayoru rütbəsi daşıyan şəxs ona “niyə maskasız gəzirsən” sualını verdikdə cavab olaraq tibbi maskanı şəxsi avtomobilinə minib mindikdən sonra çıxartdığını bildirmişdir. Həmin vaxt polis nəfərlərindən biri ona mağazadan çıxarkən maskasının olmadığını bildirmişdir. O isə həmin polis nəfərinə avtomobilinə mağazadan çıxandan sonra əyləşdiyini, mağazada olduğu vaxt, eləcə də avtomobilinə yaxınlaşan zaman tibbi maskadan istifadə etdiyini, maskanı yalnız şəxsi avtomobilinə əyləşdikdən sonra çıxardığını bildirmişdir. Bunun müqabilində polis mayoru baxmaq adı ilə ondan şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb etmiş və harada işlədiyini soruşaraq əlaqə nömrəsini istəmişdir. Polisin göstərişinə əməl etməməkdə ittiham edilməkdən çəkinib şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis mayoru isə şəxsiyyət vəsiqəsinə baxıb özünə qaytarmışdır. Polis əməkdaşından ona cərimə yazılıb yazılmayacağını soruşduqda, sonuncu ona “xeyr, cərimə yazılmayacaq” deyə cavab vermişdir. 11 iyun 2021-ci ildə cərimələrini ödəyən zaman karantin rejimi dövründə fərdi qoruyucu fasitələrdən istifadə qaydalarını pozmaqla bağlı 100 manat cərimə olunduğunu müəyyən etmiş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. Həmin vaxta qədər qanunvericiliklə nəzərdə tutumuş qaydada tibbi maskadan istifadə etmişdir. X1 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1 və 1.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Həmin qərarın 2-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən olunur ki, o, 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, yeni Zığ yaşayış komleksində yerləşən “Zığ Store” mağazasında olarkən tibbi maskadan istifadə etdiyi halda, həmin mağazadan çıxarkən polis əməkdşaları ona yaxınlaşaraq, qapalı ticarət obyektində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmədiyini bildirmişlər, sonradan isə barəsində inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 isə məhkəmədə 10 mart 2021-ci il tarixdə qanunvericiliyin tələblərinə riayət edərək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etdiyini bildirsə də, lakin məhkəməyə izahatında qeyd etdiklərini təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə X2 10 mart 2021-ci il tarixdə qanunvericiliyin tələblərinə riayət edərək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etdiyi halda barəsində polis əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edildiyinə dair dəlillərini inandırıcı hesab edtmir. Azərbaycan Respublikası İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan başlanılmış hesab edilir. İşdə olan mövcud sübutlardan göründüyü kimi 10 mart 2021-ci il tarixdə X2 əməlində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halları bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X8 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X4 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, H.M.Əlizadənin inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə H.M.Əlizadə qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-921/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-921/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver