Məhkəmə qərarları › İş №3(010)-935/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-935/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-935/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxx 1998-ci il tarixdə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 11 mart 2022-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı, atası X3 döyərək, fikiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 13 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, atası X4 daimi olaraq spirtli içki qəbul edərək onu döyür. 11 mart 2022-ci il tarixdə atası onu döydüyü üçün, o, da atasını vurmuşdur. Özü narkotik istifadəçisidir, sonuncu dəfə 2 gün əvvəl narkotikdən istifadə etmişdir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 bildirdi ki, oğlu Şəxs narkotik vasitə aludəçisidir və mütəmadi olaraq ondan narkotik vasitə almaq üçün pul tələb edir, pul olmadığı halda isə mübahisə yaradır. 11 mart 2022-ci il tarixdə o, yaşadığı evdə olduğu zaman oğlu Şəxs ondan 10 manat pul istəmiş, o isə üzərində olan 5 manatı sonuncuya vermişdir. Lakin oğlu Şəxs həmin 5 manatla razılaşmayaraq mübahisə yaratmış və onu vuraraq bədən xəsarəti yetirmişdir. Sonda zərərçəkmiş şəxs X4, Şəxsu etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X5 bildirdi ki, 11 mart 2022-ci il tarixdə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16 A, mənzil 10-da yaşayan X4 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək, oğlu Şəxs tərəfindən döyülərək bədən xəsarəti aldığını bildirmişdir. X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından 11 aprel 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati inzibati qaydada tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 15 mart 2022-ci il tarixli, 260 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər – sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı, sol qaşın səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən 11 mart 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xarakterinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, nəticəsində alınmaları inandırıcı deyil. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin baş təhqiqatçısı Pərvin İbrahimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 aprel 2022-ci il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə müvafiq inzibati qaydada tədbir görülməsi üçün ərazidə xidmət aparan sahə inspektoruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 22:10-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 12 aprel 2022-ci il tarixdən, saat 22:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 12 aprel 2022ci il tarixdən, saat 22:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar