Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-946/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 23 avqust 2023-cü il tarixdə icraata başlanılmış, cavabdehə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə cavabdehin ünvanına göndərilmişdir. Bundan əlavə cavabdehin izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. Bundan əvvəl icra işi X1 ərizəsi əsasında geri qaytarılmış və sonradan məhkəməyə ərizə təqdim etdiyindən iş yenidən icraya yönəlmiş və icranın davam etdirilməsi üçün şöbənin icraatına daxil olmuşdur. Borclu tələbkara hissə-hissə ödənişlər etmiş və hazırda 4200 manat borcu qalmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-1399/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin məhkəmə qərarından sonra borclu tələbkara heç bir ödəniş etməmişdir. Buna görə də icra sənədinin icrasının tam təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində 19 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İş üzrə tələbkar X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hazırda Şəxs hazırki günə ona 5300 manat borcu qalmışdır. Borclu aliment məbləğini ödəmir, hər dəfə icra məmurunun çağırışlarından yayınır, onu təhqir edir. Alimenti ödəmədiyinə görə məhkəmə borclu barəsində 500 manat cərimə tətbiq etmişdir. Həmin cərimədən sonra borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Alimenti ödəyəcəyinə söz versə də hər dəfə yalan danışır. Hazırda borcludan şikayətçidir və alimentin tam ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmənin aktına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq maddi imkansızlıq və işsizlik səbəbindən və yaşına görə iş tapa bilmədiyi üçün borc məbləğini tam ödəyə bilməsə də tələbkara hissə-hissə ödənişlər etmişdir. Bununla bağlı zəruri çekləri icra məmuruna təqdim etmiş, buna görə də tələbkarın bildirdiyi kimi 5300 manat borcu yoxdur. Dost Mərkəzinə və məşğulluğa iş ilə bağlı müraciətlər etsə də ona yaşı ilə əlaqədar olaraq ona uyğun iş olmadığını bildirmişlər. Qardaşları və yaşlı anası ona maddi köməklik edirlər. Ona vaxt verilsə hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2010-cu il tarixli, 2(060)-475/2010 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən xx.xx.1997-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2010-cu il tarixli, 2(060)- 475/2010 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, lakin borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi və tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə bildiriş təqdim edilməmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-1399/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2010-cu il tarixli, 2(060)-475/2010 nömrəli qətnaməsinə dair icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra işinin 2010-cu ildən bu günə qədər hansı mərhələdə olması, işin icra vəziyyəti, icra işinin icraata gec qəbul edilmə səbəbi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə “tələbin könüllü icrası haqqında” bildirişin göndərilməsini təsdiq edən, eyni zamanda hansı tədbirlərin görülməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, 2010-cu ildən 2023-cü ilədək icra işinin hansı səbəbdən icra olunmaması, həmçinin tələbkar və borclunun izahatlarında qeyd etdikləri qalıq aliment borcunun məbləği ilə bağlı ziddiyyətlər ətraflı araşdırılmamışdır. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Rəşad Dövlətov yuxarıda göstərilən halları araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi icra tədbirlərinə düzgün riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2-ci maddəsinə əsasən Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Hazırki iş üzrə müəyyən edilir ki, 11 fevral 2010-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.1997-ci il təvəllüdlü X5 xx.xx.2009-cu il tarixdən hər ay 80 manat sabit pul məbləğində aliment tutulması qeyd olunmuş, hazırki gündə xeyrinə aliment tutulan şəxsin yaşı 18-dən çox olmasına baxmayaraq icra məmuru tərəfindən bu xüsusata hüquqi qiymət verilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icra sənədləri üzrə icraata başlanılması məsələlərini tənzimləyən 8-ci maddəsinə, o cümlədən 8.2-ci maddəsinin tələblərinə görə «İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir». Yuxarıda qeyd olunduğu kimi Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2010cu il tarixli, 2(060)-475/2010 nömrəli icra işinin 2010-cu ildən bu günə qədər icrasının vəziyyəti iş materialları ilə müəyyən olunmur. Məhkəmə həmçinin hesab edir ki, mövcud vəziyyətdə, yəni borcluya hətta qanunla nəzərdə tutulmuş könüllü icra üçün rəsmi qaydada vaxt verilmədiyi bir halda onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi, inzibati xəta haqqında protokol tərtib edilməsi də yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 19 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və material Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-946/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-946/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver