Məhkəmə qərarları › İş №3(010)-947/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-947/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-947/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 07 fevral 2025-ci il tarixli EQ seriyalı 25950661 nömrəli elektron qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən 07 fevral 2025-ci ildə qəbul olunmuş EQ seriyalı 25950661 nömrəli elektron qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, barəsində 07 fevral 2025-ci il tarixli EQ seriyalı 25950661 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində 07 fevral 2025-ci il tarixli EQ seriyalı 25950661 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qeyd edir ki, həmin elektron qərar qanunsuz və əsassız qəbul edilməklə onun hüquqlarını pozmuşdur. Belə ki, barəsində tərtib edilmiş qərardan görünür ki, 06 fevral 2025-ci il tarixdə saat 12:06 radələrində Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi kəsişməsində yolla hərəkət edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddənin yolayırıcı keçmə qaydalarını pozulması üzrə maddənin tələblərini pozmuşdur. Bununla da o, 100 manat və 3 balla cərimə edilmişdir. Bununla bağlı qeyd edir ki, qərar tamamilə qanunsuzdur və o, heç bir qayda pozuntusu törətməmişdir. Yolda işıqforun qırmızı işarəsində dayanaraq gözləmiş və yaşıl işıq yandıqdan sonra hərəkətinə davam etmişdir. Bu video görüntülərdə də mövcuddur. Təqdim edilmiş foto şəkildən heç bir şey anlamaq və müəyyən etmək mümkün deyil. Lakin video görüntü olarsa hər şeyi aydınlaşdırmaq mümkün olar. Yəni o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində qeyd edilən heç bir tələbi pozmamışdır. Hazırda barəsində tərtib edilmiş 07 fevral 2025-ci il tarixli qanunsuz qərarın ləgv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X3 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin 07 fevral 2025-ci il tarixli, EQ seriyalı 25950661 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 07 fevral 2025-ci il tarixdə, saat 09:51-də “Chrysler 300” minik markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolayrıcını keçmə qydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli, EQ seriyalı 25950661 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni və əsaslı olduğundan, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli, EQ seriyalı 25950661 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar