Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-96/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs – Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin sahə inspektoru X2 iştirakı ilə Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə (ərizəyə) baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərarla X9 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. X9 həmin qərardan şikayət (ərizə) verib. X9 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə saat 10:18 radələrində özünə məxsus avtomobillə Bakı şəhəri, Nizami rayonu, «Xalqlar Dostluğu» metro stansiyasına yaxın ərazidə hərəkət edərkən orada qurulmuş postda polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşının tələbi ilə ona şəxsiyyət vəsiqəsini təqdim etmiş, sonuncu ona SMS icazə almadan küçəyə çıxdığını bildirərək kənarda dayanmış polis zabitinə yaxınlaşmasını xahiş etmişdir. Həmin polis kapitanına yaxınlaşıb SMS göndərdiyini qeyd etmiş və telefonuna baxmasını xahiş etmişdir. Polis əməkdaşı onun mobil telefonuna baxaraq SMS icazənin saat 10.18-də alındığını görmüş, buna baxmayaraq, cərimə yazacağını bildirmişdir. Özünü təqdim etməkdən qəti surətdə imtina edən polis əməkdaşının bu hərəkəti ilə bağlı dərhal saat 10.20-də 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Ətrafda olan digər polis zabitləri həmin kapitanın 24-cü PB-nin sahə inspektoru X7 olduğunu bildirmişlər. X5 tələb etmişdir ki, cəriməni dərhal ödəsin, əks halda isə onu polis bölməsinə aparacağı ilə hədələmişdir. Bunun da qanunsuz olduğunu polis kapitanına bildirmiş və inzibati xəta haqqında protokolun surətinin ona təqdim edilməli olduğunu, şikayət verəcəyini, əgər şikayəti təmin edilməzsə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu sözlərindən sonra ona cərimənin 200 AZN deyil, protokolda dəyişiklik edərək 400 AZN yazacağı bildirilmişdir. Şikayətçi həmçinin qeyd edir ki, polis əməkdaşı ona inzibati xəta haqqında protokolun müvafiq bölməsində izahat yazması tələbi ilə bağlı təzyiqlər etmiş, protokolun guya saat 10:18-də yazılmağa başlandığını göstərmişdir. Bununla bağlı polis əməkdaşının hərəkətlərindən narazılıq etdiyinə görə sonuncu daha da əsəbiləşmiş, protokolun ona çatacaq nüsxəsinin yalnız 2-ci vərəqini verərək gedib bir saat ərzində cəriməni ödəməsini və qəbzi onun telefonuna göndərilməsini tələb etmiş, əks təqdirdə cəriməni 400 AZN olmaqla yazacağı ilə hədələmişdir. Bununla bağlı 102 xidmətinə saat 10.29, 10.31, 10.45 radələrində 3 dəfə zəng edərək məlumat verib. Şikayətçi həmçinin qeyd edir ki, sonradan polis əməkdaşı ilə telefonla danışmış, lakin sonuncu cərimənin artıq 200 AZN deyil, 400 AZN olduğunu bildirərək telefonu onun üzünə bağlamışdır. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs – Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin sahə inspektoru X7 şikayətə məhkəmədə baxılması zamanı bildirmişdir ki, sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar qurulmuş postda xx xxxxxx 2021-ci il tarixində xidmət aparıb. Saat 10 radələrində X9 müvafiq posta avtomobili ilə yaxınlaşmış və ondan şəxsiyyət vəsiqəsini təqdim etməsi xahiş olunmuşdur. Müəyyən edilmişdir ki, X1 çıxması üçün zəruri olan icazəsi yoxdur. Bu səbəbdən ona bildirilmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcək. X3 buna narazılıq edərək səs-küy salmağa başlamış, polis əməkdaşlarından şikayət edəcəyini bildirmişdir. X7 həmçinin bildirir ki, adətən şəxsin saxlanılıb, şəxsiyyət vəsiqəsinin ilkin yoxlanılması ilə inzibati xəta haqqında protokolun tərtibinə başlanması arasında 5 – 10 dəqiqə vaxt keçir. Bu dəfə də belə olub. X9 polis postuna yaxınlaşdığı vaxt SMS icazəsi olmayıb. O, elə həmin vaxt, yəni polis postunda olarkən SMS icazə almaq üçün müraciət göndərmişdir. Müraciətə cavabın gəlməsi 15 dəqiqə vaxt aparır. Beləliklə, şikayətçinin şəxsiyyət vəsiqəsi yoxlanarkən onun icazəsinin faktik olmadığı müəyyən edilmiş, bu elektron sistem vasitəsilə X6 bilavasitə iştirakı ilə bir daha yoxlanılmış və onun adına icazə olmadığına dair elektron sistemin məlumatı özünə göstərilmişdir. Bütün bunlardan sonra, yəni saat 10.10-da inzibati xəta haqqında protokolun tərtibinə başlanmış, şikayətçiyə hüquqları izah edilmiş, həmçinin protokolda izahatını qeyd etməsi təklif olunmuşdur. X9 inzibati xəta haqqında protokolun müvafiq hissəsində öz izahatını yazmış, protokol yazılıb tamamlandıqdan sonra onun surəti bütövlükdə şikayətçiyə təqdim edilmişdir (protokolun yalnız 2-ci vərəqinin şikayətçiyə təqdim edildiyinə dair sonuncunun bildirdikləri həqiqətə uyğun deyil). İnzibati xəta haqqında protokolun tərtibinin tamamlanmasına az qalmış şikayətçinin mobil telefonuna SMS icazə gəlmişdir. X9 barəsində sonradan inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. X7 həm inzibati xəta haqqında protokolu, həm də inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı sayır. Proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə qismən təmin olunmamalıdır. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən «Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E- Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)». X6 mobil telefonundakı məlumatdan görünür ki, o, müvafiq icazənin alınması üçün müraciətini xx xxxxxx 2021-ci ildə saat 10.03-də etmiş, buna cavab olaraq ona saat 10.18də yaşayış yerini tərk etməsinə icazə verilmişdir. Göründüyü kimi, X6 öz yaşayış yerini xx xxxxxx 2021-ci ildə saat 10.18-dən etibarən tərk etməsinə icazə verilib. Onun daha əvvəlki saatlara icazəli olduğu iş materialları ilə müəyyən edilmir. X6 bildirdiklərindən görünür ki, o, ünvan 1 mənzil 61 ünvanı üzrə qeydiyyatda olduğuna baxmayaraq, faktik olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152, mənzil 100 ünvanında yaşayır. Şikayətçinin yaşayış yerindən müvafiq polis postunun qurulduğu «Xalqlar Dostluğu» metro stansiyasının yanınadək məsafəni dəf etmək üçün müəyyən qədər vaxt tələb olunur. Bununla yanaşı, şəxsin şəxsiyyət vəsiqəsinin polis postunda ilkin yoxlanışından sonra, onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə başlanması üçün də müəyyən vaxt sərf olunmalıdır. İnzibati xəta haqqında protokolun məzmunundan görünür ki, onun tərtibinə xx xxxxxx 2021-ci ildə saat 10.10 radələrində, yəni X4 10.03-də icazə alınması üçün müraciət etdikdən sonra, rəsmi icazəsinin hələ alınmadığı vaxtda başlanıb. İnzibati xəta haqqında protokolun tərtibinə saat 10.10 radələrində başlandığı X6 özünün bildirdikləri ilə də dolayısı ilə təsdiq olunur (məsələn, X9 ərizəsində bildirir ki, polis əməkdaşının onun (şikayətçinin) atasına verdiyi telefon nömrəsinə saat 10.21-də (icazə alındıqdan cəmi 3 dəqiqə sonra), həmçinin 102 xidmətinə saat 10.29, 10.31 və 10.45-də zəng edib). Yuxarıda göstərilənləri, həmçinin X8 yaşayış yerini tərk etməsinə icazənin saat 10.18-də verildiyini məcmu şəkildə nəzərə aldıqda görünür ki, o, ən azından yaşayış yerindən polis postunadək olan məsafəni müvafiq icazəsi olmadan qət edib. Bunları nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs X2 müvafiq dəlilini, yəni X6 icazənin alınması üçün müraciətini artıq polis postuna çatdıqdan sonra etdiyini ağlabatan sayır. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, X9 inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda təsvir olunan inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin vəzifəli şəxsi X9 barəsində tənbeh tətbiq edərkən İXM-nin yuxarıda göstərilən tələblərini, həmçinin xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin tələbə olmaqla himayəsində azyaşlı uşağının olmasını, özünün və arvadının işləmədiklərini, beləliklə də əmlak vəziyyətinin yaxşı olmadığını tam nəzərə almamışdır. Məhkəmə hesab edir ki, X8 200 manat miqdarında cərimə təyin olunmaqla tənbehin qanunla müəyyən edilmiş məqsədinə çatmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 135.1.5-ci maddəsinə əsasən «tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərar dəyişdirilərək, X8 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təyin edilmiş 400 (dörd yüz) manat miqdarında cərimə növündə tənbeh 200 (iki yüz) manata endirilsin. Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-96/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-96/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver