Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-96/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar Seyidova (Novruzova) Təhminə Mübariz qızının iştirakı ilə xx xxxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sosial binada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 17 yanvar 2022-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xəzər Rayon Məhkəməsi tərəfindən 12 noyabr 2018-ci ildə verilmiş eyni tarixli 2(003)-2813/2018 nömrəli icra vərəqəsinə əsasən 08 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 22 iyun 2018-ci il tarixindən başlayaraq hər ay sabit pul məbləğində 200 manat aliment tutulub tələbkar Seyidova (Novruzova) Təhminə Mübariz qızının xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Suraxanı rayon İcra şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya qərar və bildiriş göndərilmişdir. Borclu Şəxs aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borclunun yaşadığı yerini müəyyən etmək mümkün olmadığından borclunun barəsində 11 sentyabr 201-cu ildə axtarış elan edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun aliment borcu 8.400 manat təşkil edir. Yəni o, ötən müddətdə tələbkarın xeyrinə heç bir aliment ödənişi etməyib. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsini maddi imkansızlığı ilə izah edir. Tələbkar Seyidova (Novruzova) Təhminə Mübariz qızı işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə və icra məmurunun bildirdiklərinə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, borclu ötən dövrdə ümumiyyətlə heç bir aliment ödəməmiş, ona uşağın saxlanılması üçün istər maddi, istərsə də mənəvi yardım göstərməmişdir. Özü bir neçə dəfə tibbi əməliyyat olunub və bu səbəbdən hazırda işləyə bilmir. Ona görə də uşağının maddi tələbatlarını atasının pensiyası hesabına ödəmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, borclu ötən 42 ay ərzində heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 17 yanvar 2022-ci il saat 18.45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-96/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-96/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver