Məhkəmə qərarları › İş №3(010)-964/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-964/2021

21.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-964/2021 21.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı Rəhimov Bəhlul Qılman oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşı X2 iştirakı ilə 01 avqust 1977-ci ildə Naxçıvan MR, Naxçıvan şəhəri, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş 21 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 20 iyul 2021-ci ildə saat 22.50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşı X3 protokola uyğun izahat verərək bildirmişdir ki, 20 iyul 2021-ci ildə saat 22:31-də Polis Bölməsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən “Akasiya” şadlıq sarayının qarşısında 200 nəfərə yaxın şəxs, işıqların 2 gündür olmaması səbəbi ilə yolu bağlamışlar. Daxil olmuş məlumat ilə əlaqədar dərhal əməliyyat qrupu tam tərkibdə deyilən ünvana yola düşmüşlər. Orada Suraxanı RPİ-nin PPXB-nin əməkdaşlarının da olduğunu gördülər. Deyilən ünvana toplaşan sakinlərlə profilaktik söhbətlər aparılan zaman bir nəfər şəxs, uca səslə ora toplaşan insanları, yolu bağlamağa sövq edərək və haqsız danışıqlar edərək yolun hərəkət hissəsində avtomobillərin hərəkətinə mane olub, təxminən 1 saata yaxın avtomobillərin hərəkətini dayandırmış və nəticədə həmin yerdən “H.Əliyev” prospektinə qədər tıxacın yaranmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmişdir. Qeyd edir ki, polis əməkdaşları onu heç bir səbəb olmadan polis bölməsinə aparıblar. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkibi mövcuddur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin evli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 15 (on beş) gün müddətinə “inzibati həbs” növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114-115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 21 iyul 2021ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar