Məhkəmə qərarları › İş №3(010)-966/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-966/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-966/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, tələbkar Sədirxanova (Xankişiyeva) Xuraman Fərzəli qızının iştirakı ilə xx xxxxxx 1983-cü ildə Quba rayonu Qonaqkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2016-cı ildə verilmiş xx xxxxxxxx 2016-cı il tarixli 2(010)-8317/2016 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2016-cı il tarixindən başlayaraq, hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir . İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədi üzrə xx xxxxxxx 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar verilmiş, həmin qərarın surəti və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildiriş borclu Şəxs göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun xx xxxx 2020-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İcra məmuru həmçinin bildirir ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına əmlak aşkar edilməmişdir. Tələbkar X3 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu ilə razılığa gəlib. Borclu Şəxs 400 manat ödədiyini və qalan borcu hissə-hissə ödəyəcəyini nəzərə alaraq Şəxs qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 400 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar