Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-969/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 27 may 1961-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0ULBSMF, evli, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 46 nömrəli evin 86 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla M.D.İsgəndərov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. 23 iyul 2021-ci il tarixdə X2 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 göstərdi ki, mərhum qohumu X6 17 may 2021-ci il tarixinədək ünvan 1 ünvanında yaşamış və qeyd edilən tarixdə həmin evdə vəfat etmişdir. 26 iyun 2021-ci il tarixdə, saat 12 radələrində mülki avtombillə gəlmiş, özünü təqdim etməyən polis əməkdaşı ona yaxınlaşıb karantin qaydalarını pozaraq yas mərasimi təşkil etdiyini bildirmişdir. O, öz növbəsində karantin qaydalarına riayət etdiyini, heç bir yas mərasimi keçirmədiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq polis əməkdaşı onunla mübahisə edərək, “görəcəksən” kimi ifadələr işlətmişdir. Həmin günü onun onun şəxsi elektron kabinetinə gəlmiş bildirişdə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. 29 iyun 2021-ci il tarixdə isə şəxsi elektron kabinetinə gəlmiş bildirişdə 400 manat cərimə olunmasına dair barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi qeyd edilmişdir. Sonradan barəsində protokol tərtib etmiş şəxsin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X3 olduğu ona məlum olmuşdur. Barəsində qəbul edilmiş inzibati qərar qanunsuz və əsassızdır, qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla qəbul edilmişdir. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşdirilir. Lakin bəllidir ki, yas mərasimlərinin keçirilməsi prosesinin adət-ənənəyə uyğun qaydaları var. Məhz bu prosedurlar, əlamətlər olduqda həmin tədbir yas mərasimi sayıla bilər. Bu qaydalara yas mərasimlərinə gələnlərin kütləvi toplanması üçün yerin ayrılması, yasa gələnlərin qarşılanması, yas mərasimlərinə gələnlərə çay, yemək və s. verilməsi üçün, yas mərasimində dini savadı olan şəxsin və ya mollanın iştirakı da daxildir. Bu adət və qaydaları istənilən şəxs bilir. Lakin 26 iyun 2021-ci il tarixdə yuxarıda sadaladıqları halların heç biri mövcud olmamışdır. Yəni qeyd edilən tarixdə yas mərasimi keçirilməmişdir. Bunu sübut edən heç bir hal da yoxdur. İnzibati xəta hadisəsi özünü təqdim etməyən polis əməkdaşının vizual görməsi ilə deyil, mötəbər faktlarla sübut olunmalıdır. Əgər o, karantin qaydalrını pozmuşdursa polis əməkdaşı ən azından yerində foto və video çəkiliş edərdi, şahidləri dindirərdi. Yaxın bir neçə qohumun həyətdə oturması karantin qaydalarının pozulması demək deyil. Zatən yas mərasimin keçirilməsi üçün 28 kvadrat metr sahəsi olan mənzildə heç bir şərait də yoxdur. M.D.İsgəndərov həmçinin bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən ona hüquq və vəzifələri izah olunmamış, həmin protokol əsasında barəsində inzibati qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Sonda M.D.İsgəndərov barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5, 61.1.6, 61.1.7 və 61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək və inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları var. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış M.D.İsgəndərova, inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə rəsmi qaydada məlumat verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu isə öz növbəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X7 inzibati xəta haqqında iş üzrə 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli qərarının M.D.İsgəndərovun iştirakı olmadan qəbul edildiynə dəlalət edir. Belə olan halda, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar aparılmş inzibati araşdırma zamanı iştirakı təmin edilmədiyindən faktiki olaraq M.D.İsgəndərov Azərbaycan Respublikası İXMnin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5, 61.1.6, 61.1.7 və 61.1.8-ci maddələri ilə nəzərdə tutulmuş huquqlarını həyata keçirməkdən məhrum edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin şikayətə əlavə edilmiş 26 iyun 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda M.D.İsgəndərovun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin hansı sübutlarla müəyyən edildiyi ümumiyyətlə qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli olduğu halda, sadəcə olaraq M.D.İsgəndərovun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin hansı sübutlarla müəyyən edildiyi qeyd edilməyən 26 iyun 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu əsas götürərək, M.D.İsgəndərovu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 115.1, 115.1.3, 115.1.4 və 115.1.8ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar və qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməlidir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda M.D.İsgəndərovun fərdi identifikasiya nömrəsi, 26 iyun 2021-ci il tarixdə konkret olaraq karantin rejimi pozuntusunun nədə ifadə olunması, yəni işə baxılarkən müəyyən edilmiş hallar, o cümlədən qərardan şikayət verilməsi müddəti və qaydası öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-969/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-969/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver