Məhkəmə qərarları › İş №3(010)-970/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-970/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-970/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1979-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş 21 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «28 dekabr 2024-cü il tarixində X1 təhqir edərək xırda xuliqanlıq etdiyinə görə» Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X6 tərtib etdiyi 21 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolu müdafiə edərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, əvvəlcədən tanıdığı Şəxs ilə təxminən 3 il bundan öncə yaxın münasibətdə olmuşdur. Sonradan münasibətləri korlandığına görə Şəxs işlədiyi 104 nömrəli məktəbin yanına gələrək onu təhqir etmiş, ona qarşı nəlayiq ifadələr işlətmiş və onu şantaj edəcəyi ilə hədə-qorxu gəlmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunla müəyyən edilmiş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Xırda xuliqanlığın bilavasitə obyekti ictimai qayda, həmin xətanın obyektiv cəhətinin vacib əlaməti isə təqsirkar tərəfindən ictimai qaydanın pozulmasıdır. Xuliqanlıq müxtəlif formalarda törədilə bilər. Lakin hər bir halda bu əməl nəticəsində ictimai qayda pozulmalıdır. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə qanunla qorunan ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülməlidir (məsələn, insanların dincliyini pozma, ictimai yerlərdə insanlara saymazlıq ifadə edən hərəkətlər etmə və s.). Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin heç tanımadığı hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Bu hərəkətləri ilə təqsirkar özünün “müstəsnalığını” kobud və ətrafdakı şəxslərin mənafelərinə, o cümlədən dincliyinə zidd qaydada nümayiş etdirməyə çalışır. İctimai qaydanı pozmadan və cəmiyyətə qarşı hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və s. başlanmış mübahisə isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin digər faktiki halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq hərəkətləri hər bir halda ictimai qaydanın pozulmasına yönəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı kobud surətdə pozmaq niyyəti olmayıb. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektiv cəhəti mövcud deyil. Belə olan halda onun əməlində həmin maddənin tərkibinin olmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar