Məhkəmə qərarları › İş №3(010)-973/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-973/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-973/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkarın nümayəndəsi X9 iştirakı ilə, Şəxs, xx xxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, boşanmış, üç yetkinlik yaşına çatmayan uşağı olan “X20” X8 işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 144A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 23 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 4.826 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsinə əsasən X11 ilə birgə nikahından doğulmuş üç uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2(011)-1064/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, ondan uşaqlarının saxlanılması hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulmuşdur. Tələb onun əmək haqqına yönəldilmiş və hər ay əmək haqqının 50 faizi tutularaq tələbkara ödənilir. Lakin əmək haqqı aşağı olduğundan, tutulan məbləğ də icra sənədinin icrasına yetərli olmamışdır. Buna görə imkanı daxilində mütəmadi olaraq əlavə ödənişlər də etmişdir. Hal-hazıradək tələbkara, sonuncu dəfə 22 iyul 2021-ci il tarixdə 100 manat omaqla, ümumilikdə 13.600 manat ödəniş etmişdir. Bütün bunlara baxmayaraq onun 4.826 manat aliment borcu yaranmışdır. Tələbkar borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir, lakin onun maddi imkanı isə həmin borc məbləğini birdəfəlik ödəməyə imkan vermir. Belə ki, o uşaqlarından başqa, himayəsində olan xəstə anasına da baxır, onun müalicə xərcələrini ödəyir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq qeyd etdiyi səbələrdən icra sənədini tam olaraq icra edə bilməmişdir. Borcunun ödənilməsi üçün əlindən gələni edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X10 göstərdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Tələb borclunun əmək haqqına yönəldilsə də, borclunun əmək haqqı aşağı olduğundan əmək haqqından tutulan məbləğ icra sənədinin icrasına yetərli olmamışdır. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə borcu 4.826 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X13 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsinə əsasən Şəxs ilə X7 birgə nikahından doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2(011)-1064/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Şəxs uşaqlarının saxlanılması hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulmuşdur. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən maddi vəziyyətinin ağır olmasını əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun maddi vəziyyətinin ağır olması onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də tələbkar, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. İcra məmuru çağırıb izahatını almayaınca borclu ödəniş etmir. Buna görə də o, borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. X6, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 17 mart 2010-cu il təvəllüdlü X3, 22 iyul 2012-ci il təvəllüdlü X2 və 09 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2(011)- 1064/2016 nömrəli qətnaməsi ilə X7 xeyrinə tutulan alimentin miqdarı artırılaraq, Şəxs həmin uşaqların saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq, uşaqlar yetkinlik yaşına çatanadək X7 xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 16 fevral 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 16 fevral 2018-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi kartoçkadan çıxarışdan görünr ki, Şəxs “X20” X8 işləyir və onun aylıq əmək haqqı 250 manat təşkil edir. Beləliklə izibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli icra sənədi üzrə tələb Şəxs əmək haqqına yönəldilmiş, lakin onun əmək haqqı cəmi 250 manat təşkil etdiyindən əmək haqqından tutuma icra sənədinin icrasına yetərli olmamışdır. Şəxs əmək haqqından tutmadan əlavə ödənişlər etməklə, hal-hazıradək icra sənədi üzrə 13.600 manat ödəniş etsə də, nəticədə onun 4.826 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə tutmanın borclu Şəxs əmək haqqına yönəldildiyini, sonuncunun halhazıradək icra sənədi üzrə tələbkara ümumilikdə 13.600 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, maddi imkanı ilə əlaqədar olaraq icra sənədini tam icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(010)-407/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar