Məhkəmə qərarları › İş №3(010)-974/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-974/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-974/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 25 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3005/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs 03 avqust 2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraata başlanmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borcluya təqdim edilmişdir. 24 yanvar 2022-ci ildə və 03 fevral 2025-ci ildə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarları elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)- 214/2022 nömrəli iş üzrə 14 fevral 2022-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Belə ki, ailəli olan dövrdə tələblarla arasında dəfələrlə münaqişə olmuş, tələbkar ona qarşı şiddət göstərmişdir. Abşeron Rayon Polis İdarəsinə dəfələrlə onun tərəfindən şikayətlər olunmuş, lakin ailəni qoruyub saxlanılması üçün şikayətini geri götürmüşdür. Onlar münaqişəli ailə kimi qeydiyyatdadırlar. Sonradan aralarında olan nikah pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Tələbkar məhkəməyə müraciət edərək 03 avqust 2015-ci il təvəllüdlü X2 ilə görüşməsini istəmişdir. Tələbkar uşaqla ünsiyyətdə olaraq sui-istifadə edərək uşağı apararaq geri qaytarmamışdır. Bununla bağlı Suraxanı Rayon İcra Şöbəsi tərəfindən tələbkar barəsində 04 avqust 2022-ci ildə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və tələbkar 500 manat məbləğində cərimə edilmişdir. Sonradan uşağın kiminlə qalması ilə bağlı müvafiq məhkəmələrə müraciət olunmuşdur. Bu məsələlər iki il ərzində baş vermiş, həmin müddət ərzində tələbkar qanunsuz olaraq uşağı özündə saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli qətnaməsi ilə 03 avqust 2015-ci il təvəllüdlü X2 atası Zərərçəkmiş şəxs alınaraq ona verilməklə onun himayəsində saxlanılmışdır. Lakin məhkəmə aktı təxminən 2024-cü ilin axırı 2025-ci ilin əvvələrində icra olunmuşdur. Hal-hazırda uşaq ondadır. Bütün bu proseslərdən sonra, yəni uşağın müvafiq məhkəmə iclaslarında dindirilməsi, tələbkarın yanında qalması və s. çəkişmələr zamanı uşaqda çox ağır psoxoloji stres yaranmışdır. Bununla bağlı “Psixologiya və nitq inkişafı mərkəzi” tərəfindən rəydə verilmişdir. Bununla bağlı Soul Psixologiya və X4 03 avqust 2015-ci il təvəllüdlü X2 üçün müəyyən etdiyi terapiya müddəti, yəni 6 ay ərzində Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa qeyd edir ki, icra məmuru tərəfindən verilmiş axtarışla bağlı məlumatı olmamış, məlumatı olan kimi özü könüllü olaraq Suraxanı rayon İcra Şöbəsinə gəlmişdir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən ona bildiriş göndərilmiş, lakin bildirişin rəsmi qaydada ona çatdırılmasına dair işdə heç bir sübut yoxdur. İş materiallarından görünür ki, ona sms bildirişi göndərilmiş, lakin o, həkim olduğuna görə həmin nömrə pasientlər üçün nəzərdə tutulmuş, həmin müddətdə uşağa vaxt ayırdığı üçün və işdə olmadığı üçün telefonunu söndürmüşdür. Bugün işə rəsmi çıxmış, telefonu açandan sonra sms bildirişi gələn kimi özü könüllü olaraq vəkili ilə birlikdə Suraxanı rayon İcra Şöbəsinə gelmişdir. Odur ki, bunları nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra sənədinin icra olunmasını məhkəmədən tələb etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, proses iştirakçılarının izahatlarını və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar