Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-986/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi X2 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə bağlı X4 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 800 manat miqdarında cərimə edilmişdir. X7 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 işin məhkəmə baxışı zamanı şikayətini müdafiə edərək bildirmişdir ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində icarəsinə 99 il müddətinə 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə edib. Həmin torpaq sahəsi üzərindəki icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 01 iyun 2017-ci ildə rəsmiləşdirilərək adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, həmçinin «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Rəsmiləşdirmə işləri aparıldığı vaxt aidiyyəti vəzifəli şəxslər tərəfindən əraziyə baxış keçirilmiş, icarəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS vasitəsilə götürülmüşdür. Şikayətçi həmçinin bildirir ki, torpaq sahəsini ətrafı hasarlanmış vəziyyətdə əldə edib. Bundan sonrakı dövrdə həmin sahədən ümumiyyətlə istifadə etməmiş, hər hansı tikinti işləri və s. işlər görməmişdir. Torpaq sahəsinin daxilində (hasar daxilində) əvvəldən də hər hansı tikili olmayıb. Beləliklə, ona aid olan torpaq sahəsi ətrafı hasarlanmış, lakin daxilində heç bir iş görülməmiş vəziyyətdədir. Lakin bir müddət əvvəl yuxarıda qeyd olunan torpaq sahəsinin 0,02 hektarlıq hissəsini başqa bir şəxsin adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, adına verilmiş «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən koordinatlarla torpağın naturadakı koordinatları fərqlidir. Bunu əsas gətirərək ƏMDX-nin Bakı ərazi şöbəsi ona imtina cavabı vermişdir. Bununla bağlı şikayətlər etmiş, o cümlədən aidiyyəti vəzifəli şəxslərin qəbulunda olub bildirmişdir ki, rəsmiləşdirmə işləri həmin şöbə tərəfindən aparılıb və əgər rəsmiləşdirmə zamanı idarənin əməkdaşları tərəfindən yanlışlığa yol verilibsə, bu yanlışlıq idarənin özü tərəfindən aradan qaldırılmalıdır. Lakin bütün şikayətləri və müraciətləri nəticəsiz qalmış, bu azmış kimi barəsində 11 fevral 2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək 25 fevral 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinib 800 manat miqdarında cərimə olunmuşdur. Barəsində 11 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı bildiriş ona 25 fevral 2022-ci ildə təqdim olunub. Şikayətçi göstərilənlərlə yanaşı bildirir ki, əraziyə baxış keçirilməsinə dəvət olunmamış, protokol və qərar isə iştirakı olmadan tərtib edilmişdir. Məsələ ilə bağlı məlumat əldə etdiykdən sonra Xidmətin əməkdaşı Şahin Abdullayevlə əlaqə saxlayaraq icarəsində olan torpaq sahəsinə birlikdə baxış keçirmişlər. Həmin vaxt «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən koordinatların onun icarəsində olan torpaq sahəsinə heç bir aidiyyətinin olmadığı, ona məxsus sahədə ümumiyyətlə heç bir iş görülmədiyi, yəni torpağın istifadəsiz vəziyyətdə olduğu, «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən koordinatların isə tamamilə başqa və ona heç bir aidiyyəti olmayan yerə aid olduğu müəyyən edilmişdir. Beləliklə, şöbənin əməkdaşı Şahin Abdullayev bir daha şahid olmuşdur ki, «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən koordinatlar tamamilə başqa bir sahəyə aiddir. Bu sahənin sahibini isə tanımır. Lakin, onun müvafiq iradlarına cavab olaraq Şahin Abdullayev bildirmişdir ki, inzibati xəta haqqında protokol artıq tərtib edilib, qərar qəbul olunub və təyin olunmuş cərimə ödənilməlidir. Qərar ona 10 mart 2022-ci ildə təqdim olunub. Hazırkı işin məhkəmə baxışı dövründə müvafiq uyğunsuzluğun aradan qaldırılması və barəsində qəbul edilmiş ədalətsiz qərarla bağlı məsələnin həlli məqsədilə 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmiş, idarənin əməkdaşları əraziyə bir daha baxış keçirmişlər. İdarə rəsmi cavabında təsdiq edir ki, «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən yerlə ona məxsus olan sahə arasında 450 metr məsafə var. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi X3 şikayətə məhkəmədə baxılması zamanı bildirmişdir ki, inzibati xəta haqqında protokol «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə əlaqədar tərtib olunub. Bu sahənin sənəd üzrə X5 məxsus olması səbəbindən protokol və qərar da onun barəsində tərtib edilib. Göstərilənlərə əsasən şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 il müddətinə X4 icarəsinə verilmiş, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində 01 iyun 2017-ci ildə qeydiyyat aparılaraq daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İş materiallarına «Torpaq sahəsinin planı və ölçüsü» əlavə olunub. Şikayətçi bildirir ki, «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən döngə nöqtələrinin koordinatları ilə ona naturada faktik ayrılmış torpaq sahəsinin koordinatları tamamilə fərqlidir. Yəni onun icarəsində olan torpaq sahəsi «Torpaq sahəsinin planı və ölçüsü»ndə koordinatları göstərilən torpaq sahəsindən xeyli aralıda yerləşir. O, həmçinin bildirir ki, özünə naturada aid olan torpaq sahəsində heç bir iş görməmiş, «Torpaq sahəsinin planı və ölçüsü»ndə koordinatları göstərilən torpaq sahəsinin isə ona heç bir aidiyyəti yoxdur. Həmin torpaq tamamilə başqa şəxsə məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi idarəsinin 17 may 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, X4 nümayəndəsi X1 müvafiq məzmunlu müraciətinə idarədə baxılmış, «araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 450 metr fərq mövcuddur». 11 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, X4 iştirakı olmadan tərtib edilib. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək…». Eyni Məcəllənin 100.2 və 100.4-cü maddələrinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır», «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Qeyd olunmalıdır ki, İXM-nin yuxarıda göstərilən müddəaları inzibati xətalar qanunvericiliyinin digər aidiyyəti müddəaları ilə məcmu şəkildə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnu təmin edir, onun öz dəlillərini gətirmək və həmin dəlillərin araşdırılmasını tələb etmək ixtiyarını təsbit edir. Lakin inzibati xəta haqqında iş üzrə icraat dövründə X4 həmin hüquqları təmin edilməmiş, nəticədə o, materialla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək və dəlillərini bildirmək, müdafiəçinin hüquqi yardımından istifadə etmək imkanından məhrum olmuşdur. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində inzibati qəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin prosessual hüquqlarının kobud şəkildə pozulmuş, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. Belə ki, X7 icarəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi zamanı Xidmət tərəfindən yanlışlığa yol verildiyini, ona faktik məxsus olan (həmçinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zamanı təqdim olunan) torpaq sahəsi ilə «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən torpaq sahəsinin eyni olmadığını, sənəddə göstərilən koordinatlar üzrə torpağın tamamilə başqa yerdə yerləşdiyini və tamamilə başqa şəxsə məxsus olduğunu (bu səbəbdən də həmin torpağa hər hansı formada müdaxilə etmək, o cümlədən münbit qatını korlamaq imkanının olmadığını), özünə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində isə ümumiyyətlə heç bir iş görmədiyini və həmin torpağın münbit qatını korlamadığını bildirmişdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, X4 həmin dəlilləri hər bir halda araşdırılmalı idi. Belə ki, X4 dəlilləri öz təsdiqini taparsa bu onun məsuliyyətini də istisna etmiş olacaq. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinib 800 manat miqdarında cərimə edilməsi ilə bağlı 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv olunsun və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-986/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-986/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver