Məhkəmə qərarları › İş №3(010)-987/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-987/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-987/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X6 qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1973-cü ildə Naxçıvan MR, Culfa rayonu, Xoşkeşin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Culfa rayonu, Xoşkeşin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxxxx 2020-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 14 radələrində ünvan 1 ünvanında qardaşının arvadı X2, aralarında yaranmış mübahisə zəminində döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 14 radələrində qardası gilin yaşadığı evdə səs-küy gəldiyini eşidib ora getmiş, qardaşı ilə qardaşı arvadının arasında münaqişə olduğunu görmüşdür. Qeyd edir ki, həmin münaqişə vaxtı X3 evin yuxarı mərtəbəsindən yerə tullanaraq xəsarətlər alıb. O, özü zərərçəkmiş şəxsi vurmayıb və xəsarət yetirməyib. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, ünvan 1 ünvanında olduqları vaxt əri X5 və qaynı Şəxs ilə aralarında münaqişə yaranmış, bu münaqişə zamanı əri və qaynı onu döymüşlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 714 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1978-ci il təvəllüdlü X1 “bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: sağ bazunun qançırı və sıyrıqları, sağ dirsək oynağının sıyrığı, alın nahiyəsinin sıyrığı və əzilmiş yarası, sol bazunun qançırları, bel nahiyəsinin qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar