Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-990/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliyehdar qızının və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X3 iştirakı ilə, Şəxs Əliyehdar qızının, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 20 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Əliyehdar qızı, 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 20 nömrəli evdə valideynlərinin narkotik vasitə təsiri altında olduğundan 2 yaşlı qız uşağının baxımsız halda qalması barədə sosial şəbəkələrdə yayılmış videogörüntü ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuş, orada izahatı alındıqdan sonra Şəxs Əliyehdar qızı tibbi müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən sidiyində OPİ (kokos) və MET (Metamfetamin) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Məmməd Əliyevin 31 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Əliyehdar qızının barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Buna görə də 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X6 tərəfindən Şəxs Əliyehdar qızının Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliyehdar qızı inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, təxminən 04 ildir faktiki nikah münasibətlərində olduğu Valehlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 20 nömrəli evdə yaşayır və sonuncu ilə birgə münasibətlərindən bir azyaşlı qızı dünyaya gəlmişdir. Artıq 05 ildən çoxdur venadaxili inyeksiya etməklə narkotik vasitə istehlak edir. 15 iyul 2021-ci il tarixdə yaşadığı evdə olarkən qəbul etdiyi narkotik vasitənin təsiri altında evin giriş qapısının qarşısında oturmuş vəziyyətdə yuxuya getmiş, həmin vaxt özünün də bilmədiyi şəxs videosunu çəkərək alaraq sosial şəbəkələrdə yerləşdirmişdir. Sosial şəbəkələrdə yayılan videoda həqiqətən də o və faktiki nikah münasibətlərində olduğu Valehdir. Şəxs həmçinin narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və hazırda narkomaniyadan müalicəyə ehtiyacının olduğunu bildirdi. Sonda Şəxs əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X6 bildirdi ki, 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 20 nömrəli evdə valideynlərinin narkotik vasitə təsiri altında olduğundan 2 yaşlı qız uşağının baxımsız halda qalması barədə sosial şəbəkələrdə videogörüntü yayılmış və həmin videogörüntü ictimaiətdə kəskin mənfi emosiyalar doğurmaqla yanaşı ictimai rezonans yaratmışdır. Aparılmış araşdırma zamanı həmin videoda görüntüsü yayılan şəxslər Şəxs Əliyehdar qızı və X7 narkotik vasitə istifadə etməkdə şübhəli bilindikləri üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuşlar. Hər ikisinin izahatı alındıqdan sonra tibbi müayinə edilmələri üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmişlər və müayinə olunarkən Şəxs Əliyehdar qızının sidiyində OPİ (kokos) və MET (Metamfetamin), X1 isə OPİ (kokos), MET (Metamfetamin) və AMP (Tiryək) aşkar edilmişdir. Habelə təhqiqat araşdırması zamanı 01 sentyabr 2019-cu il təvəllüdlü X5 16 iyul 2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospektində yerləşən 193 saylı körpələr evinə təhvil verilmişdir. Bundan əlavə Şəxs Əliyehdar qızı və X7 ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmişlər və onlarda narkomaniya xəstəliyi aşkar olunmuşdur. Şəxs Əliyehdar qızının və X4 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncuların Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti ona həvalə edilmişdir. Buna görə də Şəxs Əliyehdar qızının və və X4 barələrində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokollar tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Məmməd Əliyevin qəpul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərardan və ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 iyul 2021-ci il tarixli, 2429 nömrəli rəyindən görünür ki, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında 16 iyul 2021-ci il tarixli, 1/4002 saylı protokola əsasən Şəxs Əliyehdar qızının sidiyində OPİ (kokos) və MET (Metamfetamin) aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Məmməd Əliyevin qəpul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərardan həmçinin müəyyən olunur ki, Şəxs Əliyehdar qızının və X4 faktiki nikah münasibətlərindən doğulmuş 01 sentyabr 2019-cu il təvəllüdlü X5 təhlükəsiz və dövlət qayğısı çərçivəsində sağlam baxılması üçün təhqiqat araşdırması zamanı 16 iyul 2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospektində yerləşən 193 saylı körpələr evinə təhvil verilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 iyul 2021-ci il tarixli, 2429 nömrəli rəyindən görünür ki, Şəxs Əliyehdar qızında opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, narkomaniya xəstəliyinə tutulduğunu, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Lakin inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs Əliyehdar qızının və X4 faktiki nikah münasibətlərindən doğulmuş 01 sentyabr 2019-cu il təvəllüdlü X2 təhqiqat araşdırması zamanı 16 iyul 2021-ci il tarixdə 193 saylı körpələr evinə təhvil verildiyi, bununla da azyaşlı X2 hal-hazırda valideyinlərinin deyil, dövlət himayəsi altında olduğu müəyyən edilmişdir. Qeyd olunanları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Əliyehdar qızına cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Əliyehdar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Əliyehdar qızının inzibati həbs müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən, saat 14:27-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Şəxs Əliyehdar qızına narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs Əliyehdar qızına təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs Əliyehdar qızının məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-990/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-990/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver