Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-991/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəli zadə Nicat Hikmət oğlunun və icra sənədi üzrə X1nın iştirakları ilə, xx xxxx 1988-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, FİN xxxxxxx, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-1863/2020 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən Şəxs 06 aprel 2020-ci il tarixdən başlayaraq 10 oktyabr 2013-cü il təvəllüdlü X7 və 02 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X1nın xeyrinə ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 26 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq, maddi imkansızlıq səbəbindən borc məbləğini birdəfəlik ödəyə bilməmişdir. O, aliment borcundan hissə-hissə ödənişlər etsə də, həmin məbləğ aliment borcunun bağlanmasına yetərli olmamışdır. Onun barəsində üç dəfə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, iki dəfə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Atası ağır xəstədir və o, atasının xəstəxana xərclərini ödəyir. O, tələbkara təklif etmişdir ki, uşaqlara kiçik toy edərək, toydan yığılan pulu aliment borcuna ödəsin. Tələbar əvvəl onun təklifi ilə razılaşsa da, lakin sonradan uşaqları ona verməkdən imtina etmişdir. Buna görə də, aliment borcu yığılmış və o, bu borcu ödəyə bilməmişdir. İcra vərəqəsinin icrasından yayınmır və tələbkara maddi imkanı olduqca hissə-hissə ödənişlər edir. Hazırda maddi imkanı aşağı olduğuna görə icra sənədi üzrə öhdəliyini tam icra edə bilmir. Sonda Şəxs, məhkəmədən qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Vəli zadə Nicat Hikmət oğlu məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra 04 noyabr 2020-ci il tarixdə müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi vəsait və ya əmlak aşkar edilməmişdir. Şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinə təqdim edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində 08 gün həddində inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Daha sonra icra işi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Bakı şəhəri Suraxanı rayon məhkəməsinə təqdim edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində 10 gün həddində inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Lakin məhkəmələrin qərarlarından sonra borclu eyni hərəkətləri davam etdirərək, aliment borcunu tam ödəmədiyi üçün borclu barəsində yenidən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Lakin məhkəmənin qərarlarından sonra borclu eyni hərəkətləri davam etdirərək, aliment borcunu tam ödəməmiş, sadəcə olaraq hissə-hissə aylıq təyin olunmuş aliment miqdarından az miqdarda ödənişlər etmişdir. Bu isə aliment borcunun yığılmasına səbəb olmuşdur. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi tam icra olunmamışdır. Tələbkar borcludan şikayətçidir və borcun tam ödənilməsini tələb edir. Hazırkı günə 12520 manat aliment borcu yığılmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. X1 məhkəmədə bildirdi ki, borclu müxtəlif bəhanələr gətirərək məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınır. Belə ki, Şəxs hər ay 340 manat aliment ödəməli olsa da, hissə-hissə olmaqla ay ərzində 100-150 manat ödəniş edir, bəzən isə elə ay olur ki, ümumiyyətlə ödəniş etmir. Şəxs aliment borcunu ödəmədiyi üçün övladlarına baxmaqda çıxılmaz vəziyyətdə qalıb. O, aliment borcunun tam məbləğdə ödənilməsini tələb edir. X2, borclu Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-1863/2020 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 06 aprel 2020-ci il tarixdən başlayaraq 10 oktyabr 2013-cü il təvəllüdlü X7 və 02 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X1nın xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 04 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-1863/2020 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 noyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2020ci il tarixli, 2(005)-1863/2020 saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 104.2-ci maddəsinə əsasən aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Bundan başqa tələbkar yığılan 12520 manat aliment borcunun hissəhissə ödənilməsi ilə qəti olaraq razı deyil və borcun tam məbləğdə ödənilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən, saat 16:15dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-991/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-991/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver