Məhkəmə qərarları › İş №3(010)-993/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-993/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-993/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1, 10 avqust 1981-ci il Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1DEFFVN, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Yataqxana 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq, 2-ci yeni sahədə yaşayan, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 23 may 2021-ci il tarixdə, saat 18:55-də idarə etdiyi “Toyota Hilux” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surətini 30 km/saat həddində aşdığına görə xüsusi texniki vasitə ilə real vaxt rejimində tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. 03 avqust 2021-ci il tarixdə X1, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 şikayətini onunla əsaslandırmışdır ki, 23 may 2021-ci il tarixdə barəsində EQ ******* saylı elektron protokol tərtib edilmişdir. Sözügedən protokolun qərarı ona 23 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən təqdim edilmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuzdur. Belə ki, 23 may 2021-ci il tarixdə mülkiyyətində olan avtomobil “Toyota Hilux” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan yolu ilə hərəkətdə olmuş, həmin yoldan gün ərzində bir neçə dəfə istifadə etdiyi üçün sürət həddinə həmişə əməl etmişdir. Elektron protokol tərtib edilən gün də maqistralda sürət həddinə əməl edərək, avtomobilini 110 km saat sürətlə idarə etmişdir. Həmin vaxt arxadan gələn hərbi təyinatlı, D200 XT dövlət qeydiyyat nişanlı avtomobil uzaq vuran işıqlarını bir neçə dəfə yandırıb söndürərək, ondan yol verməyini istəmişdir. Buna görə də o, həmin avtomobilə yol vermişdir. Sözügedən avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün sürət həddini aşmışdır. Lakin onun ara məsafəsini düzgün saxlamaması səbəbindən və hərbi təyinatlı avtomobildən irəlidə olan avtomobil onun idarə etdiyi avtomobil olması səbəbindən hərbi təyinatlı avtomobilə tərtib edilməli protokol texniki səhv olaraq ona tərtib edilmişdir. Bu barədə aidiyyatı orqanlara şikayət etsə də, şikayəti düzgün araşdırılmamış, qərar onun barəsində tərtib edilmişdir. Buna dair onda video görüntü də mövcuddur və məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir. Bu halda hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz toqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Buna görə də X2 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. İşdə olan sübutlardan müəyyən olunur ki, X2 23 may 2021-ci il tarixdə, saat 18:55-də idarə etdiyi “Toyota Hilux” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində saatda 140 kilometr surətlə hərəkət etməklə yolda müəyyən edilmiş 110 km/saat surət limitini 30 km/saat həddində aşmışdır. Qeyd edilən iznibati xəta hadisəsi, son dəfə 06 fevral 2021-ci il tarixdə 0605-2/2020 nömrəli sənədə əsasən dövlət yoxlamasından keçmiş xüsusi texniki vasitə VVC-MC800P modelli, “SmartRadar” markalı radar vasitəsilə ilə aşkar edilərək, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs E.E.Musayevin iştirakı olmadan real vaxt rejimində tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarla o, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi mübahisələndirilən inzibati xəta haqqında elektron qərar qanun əsasında və Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən real vaxt rejimində qəbul edilmiş, E.E.Musayevin inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl olunmuş, habelə E.E.Musayev qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən real vaxt rejimində tərtib edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 03 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar