Məhkəmə qərarları › İş №3(010)-996/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-996/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-996/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Suraxanı RPİ-nin 30-cu PB-nin vəzifəli şəxsinin 06.01.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı RPİ-nin 30-cu PB-nin vəzifəli şəxsinin 06.01.2021-ci tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 06.01.2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X5 06.01.2021-ci ildə saat saat 19:33-də Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı RPİ-nin 30-cu PB-nin vəzifəli şəxsinin 06.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-nin 06.01.2021-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati xətaya dair qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimə tətbiq olunur. Lakin qərarda onun tərəfindən məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərar qəbul edilərkən onun məlumatı olmamışdır. Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-nin qərarı 06.01.2021-ci il tarixdə qəbul edilsə də,həmin qərar barədə onun məlumatı olmamış, o, həmin qərarı 29.07.2021-ci ildə aldıqda xəbər tutmuşdur. Həmin qərarı almağına səbəb isə onun cərimələri barədə məlumat almaq üçün «X6» daxil olan zaman cərimənin məbləğini görməyi olmuşdur. Həmin vaxta qədər onun nə qərar, nə də protokol barədə məlumatı olmamışdır. Lakin, Suraxanı rayon Polis İdarəsinin 30-cu PB Yol Patrul Xidməti tərəfindən qanun normalarının tələbləri pozulmuşdur. Belə ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu PB Yol Patrul Xidmətində işə baxılan zaman o, dəvət olunmamış, işə heç bir əsas olmadan onun iştirakı olmadan baxılmışdır. Bununla da onun həmin inzibati xəta haqqında iş üzrə icraatda özünü müdafiə etmək hüququ pozulmuşdur. İnzibati qərarda 06.01.2021-ci ildə saat 19.33-də onun inzibati pozuntuya yol verməyi göstərilmişdir. Lakin həmin gün onun evdən çıxmaq icazəsi olmuşdur, həmişə də maskadan istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul olunmuş Suraxanı RPİ-nin 30-cu PB-nin vəzifəli şəxsinin 06.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv ediilərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X2 şikayət ərizəsinə baxılması 23.08.2021-ci il tarixə saat 00 11 -a təyin edilməsi barədə və MN seriyalı ******* saylı 06.01.2021-ci il tarixli protokolu tərtib etmiş inspektorun məhkəmə iclasında iştirakının təmin edilməsi, həmçinin yaranmış zərurətlə əlaqədar olaraq qeyd edilən protokola dair sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı RPİ-nin 30-cu PB-nə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı RPİ-nin 30-cu PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. 23 avqust 2021-ci il tarixində keçirilən məhkəmə iclası təxirə salınaraq, X2 şikayət ərizəsinə baxılması 06.09.2021-ci il tarixə saat 1030-a təyin edilməsi barədə və MN seriyalı ******* saylı 06.01.2021-ci il tarixli protokolu tərtib etmiş sahə inspektoru X3 məhkəmə iclasında iştirakının təmin edilməsi, həmçinin yaranmış zərurətlə əlaqədar olaraq qeyd edilən protokola dair sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı RPİ-nin 30-cu PB-nə təkrarən və Suraxanı rayon Polis İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi və Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru X7 məhkəmə iclasında iştirak etməmişlər və iclasda iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər, həmçinin, MN seriyalı ******* saylı 06.01.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə ərizəyə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu PBnin vəzifəli şəxsinin 06.01.2021-ci il tarixli MN seriyalı ******* saylı protokolundan görünür ki, X5 Respublika paytaxtı, Küçə 06.01.2021, günorta (saat 12-18) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-nin vəzifəli şəxsinin 06.01.2021-ci il tarixli qərarından görünür ki, X5 06.01.2021-ci il tarixdə, saat 19:33-də Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 200 manat məbləğində cərimə edilmişdir. Lakin 06.01.2021-ci il tarixli MN seriyalı ******* saylı protokolda və həmin tarixli qərarda X2 məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. Bununla da X2 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini hansı səbəbdən pozması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bakı şəhər Suraxanı Polis İdarəsi məhkəməyə İXP seriyalı ******* saylı 18.07.2020-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı RPİ-nin 30-cu PB-nin vəzifəli şəxsinin 06.01.2021-ci tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı rayon Polis İdarəsinin 30-cu PB-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar