Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X7 vəkili X1, "xxxx"-MMM-in etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərarından "xxxx"-MMM-in direktoru Şeref Hızarcı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Şeref Hızarcı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilən "xxxx"-MMM-in direktoru Şeref Hızarcı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. "xxxx"-MMM-in direktoru Şeref Hızarcı şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" MMM-in (**********) Baş direktoru Şeref Hızarcı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul edilmişdir. Həmin qərarı onlar xx.xx.2023-cü ildə poçt vasitəsilə almışlar. Həmin qərarla razı olmadıqlarını qeyd etmişlər. xx.xx.2023-cü il tarixli 3-17-5/2-39646/2023 saylı məktuba əsasən şikayətçi Rəşidov Şabana istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi məqsədilə məcburi göstəriş verilmişdi. Göstərişdə konkret hansı illər, məbləğ qeyd edilməmişdir. Ona görə ki, şikayətçi tərəfindən öz əli ilə yazdığı ərizə belə vardır ki, bütün ödənişləri almışdır. Eyni zamanda, Rəşidov Şabanın şikayəti üzrə bu işə bir dəfə müfəttişlik tərəfindən baxılıb (İcraçı Aysel Hüseynova), Şeref Hızarçı barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş izibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Lakin DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X6 qəbul etdiyi xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarı ilə AR İXM-nin 192.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Bütün hüquqi əsaslandırılmalar müfəttişliyə təqdim edimişdir. Qeyd edilənlərdən əlavə xx.xx.2023-cü il tarixdə 2-17-5/2- 39646/2023 saylı məktub onlara göndərilmiş və X4 istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin 30 gün ərzində tam ödənilməsinin təmin edilməsi onlara məcburi göstəriş kimi qeyd edilmişdir. Qeyd edim ki, məcburi göstəriş nə qərar, nə göstəriş formasında göndərilmiş, həmçinin sadə bir məktub yazılmış və məktubda hansı illər, hansı məbləğ ödənilməsinin lazım olduğu qeyd edilməmişdir. Bu qanunvericilik baxımından prosesual pozuntu kimi hesab edirlər. Eyni zamanda R.Şabanın şikayəti üzrə artıq protokol, xitam qərarı mövcuddur. Bir işə iki dəfə baxmaq və yenidən protokol tərtib etmək Qanunvericiliyin tələblərinə və Konstitusion hüququn tələblərinə ziddir. Hesab edirlər ki, bu şirkətə və onlara qarşı qərəzlikdir. Sahibkar kimi hüquqlarının pozulması kimi təzahür edilir. Təkrar olaraq xx.xx.2023-cü ildə Şeref Hızarçı eyni əsaslarla, eyni şəxsin şikayətinə görə barəmdə xx.xx.2023-cü il tarixli MN ******* saylı İXM-nin 539.1.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərar ləğv edilməli və icraata xitam veriməsi qanuna müvafiq olardı. Onların tərəfindən guya törədilən əməli də uzanan inzibati xəta kimi tövsif etmək düzgün deyil. Birincisi işçi 4 il öncə işdən çıxıb. İkincisi Ş.Rəşidovun ərizəsi var ki, “ödənişləri almışam heç bir iddia tələbim yoxdur”. Üçüncüsü isə bu hadisə 2017-ci ildə olan qanunvericiliyə uyğun həll edilməlidir. X9 xx.xx.2018-ci il tarixli məhkəmə qərarı əsasında xx.xx.2019-cu ildə işə bərpa edilmiş və xx.xx.2019-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edildiyi vaxt ona bütün ödənişlər edilmiş və işdən azad edildikdə kompensasiya ödənişi edilmişdir. X9 məhkəmə icraçılarına ərizə yazaraq pulu aldığını, şirkətə qarşı heç bir iddia və tələbi olmadığını yazıb imzalamışdır. Əgər məzuniyyət pulu iddiası var idisə onu məhkəmədə və ya pulları alanda niyə irəli sürməmişdi? 4 il keçdikdən sonra müfəttişliyə ərizə il müraciət edir. Bundan əlavə onu verilən pul qane etmişdi. İşçinin işdən ayrılmasından artıq 4 il keçib. 2017-ci ildə işdən azad edildikdə X19 müfəttişliyinə müraciət etdi, bütün sənədlər onlar tərəfindən təqdim edildi. Lakin müfəttişlik tərəfindən Əmək qanunvericiliyinə uyğun işdən azad edildiyi barədə onlara arayış təqdim edilib. Əgər məzuniyyət pulu ödənməsəydi həmin vaxtlarda bu aşkar edilərdi. Barələrində inzibati protokol tərtib edilərdi. Bunların heç biri olmayıb ona görə ki, qanunvericilik əsasında sənədlər təqdim edilib və özü də əli ilə yazıb ki, heç bir iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarını ləğv edib işə xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında X7 vəkili X1 şikayətin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx"-MMM-in etibarnamə üzrə nümayəndəsi X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 iyul 2009-cu il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx"-MMM və X9 arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, X9 "xxxx"-MMC-yə qarşı şikayət edərək bildirmişdir ki, xx.xx.2009-cu il tarixdən "xxxx" MMCdə mexanik vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə xx.xx.2019-cu ildə “tərəflərdən birinin təşəbbüsü” səbəbilə xitam verilmişdir. Qeyd etmişdir ki, ona son haqq-hesab ödənilərkən bu illər ərzində istifadə etmədiyi məzuniyyətlərin kompensasiyası ödənilməmişdir. Bu məsələ ilə bağlı 2023-cü ildə müəssisəyə müraciət etdiyi zaman, məsələnin üzərindən uzun müddət keçdiyini bildirərək ödənişin ödənilməsinin mümkün hesab edilmədiyi məlumatı verilmişdir. Bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan X3 ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5618/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi "xxxx" MMC tərəfindən tam yerinə yetirilmişdir. Cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli 3-14-5/2-34498/2023 №-li bildirişdən görünür ki, vətəndaş X3 "xxxx" MMM-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. X11 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında "xxxx" MMM-in iştirak etməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11:00-da 3 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşdur. İş materiallarında olan X11 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X10 tərəfindən "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində inzibati xəta haqqında 22 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X3 əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində xitam verilmiş, lakin çalışdığı müxtəlif illərin istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi daxil olmaqla son haqq hesabı AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməməsi səbəbindən "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli 3-17-5/2-36923/2023 №li məktubdan görünür ki, "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün "xxxx" MMM-nin baş direktoru Hızarçı Şerefə göndərilmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli 3-17-5/2-36920/2023 №li məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixdə saat 11:00-a təyin olunmuşdur. İş materiallarında olan X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X13 03 oktyabr 2023-cü il tarixli "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında MN ******* №li qərardan görünür ki, Hızarçı Şeref barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə başlanmış iş üzrə Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən icraata xitam verilmişdir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli 3-17-5/2-38748/2023 №li məktubdan görünür ki, "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın bir nüsxəsi məlumat üçün "xxxx" MMM-nin baş direktoru Hızarçı Şerefə göndərilmişdir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli 3-17-5/2-39646/2023 №-li məktubdan görünür ki, vətəndaş X3 "xxxx" MMM-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. X3 çalışdığı 16.07.09-cu il tarixindən 06.12.17-ci il tarixinədək olan dövr üzrə və eyni zamanda xx.xx.2017-ci il tarixindən işə bərpa olunduqdan sonra əmək müqaviləsinə xitam verildiyi xx.xx.2019-cu il tarixinədək olan dövr ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ona ödənilmədiyi müəyyən edilmişdir. Qeyd olunan mövcud xətalar "xxxx" MMM-in vəzifəli şəxsi olaraq hələ də aradan qaldırılmamışdır. Bu səbəbdən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq X3 çalışdığı 16.07.09-cu il tarixindən 06.12.17-ci il tarixinədək olan dövr üzrə və eyni zamanda xx.xx.2017-ci il tarixindən işə bərpa olunduqdan sonra əmək müqaviləsinə xitam verildiyi xx.xx.2019-cu il tarixinədək olan dövr üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin 30 (otuz) gün ərzində tam ödənilməsini təmin edib X11 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi zəruri olduğu bildirilmişdir. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli 3-17-5/2-46216/2023 №-li bildirişdən görünür ki, vətəndaş X3 "xxxx" MMM-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. X11 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında "xxxx" MMM-in iştirak etməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12:00-da 3 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşdur. İş materiallarında olan X11 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X10 tərəfindən "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində inzibati xəta haqqında 29 noyabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq X3 çalışdığı 16.07.09-cu il tarixindən 06.12.17-ci il tarixinədək olan dövr üzrə və eyni zamanda xx.xx.2017-ci il tarixindən işə bərpa olunduqdan sonra əmək müqaviləsinə xitam verildiyi xx.xx.2019-cu il tarixinədək olan dövr ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi ilə bağlı icrası məcburi göstəriş yerinə yetirilməmiş və "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli 3-17-5/2-48454/2023 №li məktubdan görünür ki, "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün "xxxx" MMM-nin baş direktoru Hızarçı Şerefə göndərilmişdir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli 3-17-5/2-48483/2023 №li məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixdə saat 12:00-a təyin olunmuşdur. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli "xxxx" MMM-nin baş direktoru Hızarçı Şerefin etiraz ərizəsindən görünür ki, X3 şikayəti üzrə işə baxıldığından, bu barədə qanuni qüvvəsini almış qərar olduğundan, şikayət müddəti ötürüldüyündən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X12 tərəfindən "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 11 dekabr 2023-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq X3 çalışdığı 16.07.09-cu il tarixindən 06.12.17-ci il tarixinədək olan dövr üzrə və eyni zamanda xx.xx.2017-ci il tarixindən işə bərpa olunduqdan sonra əmək müqaviləsinə xitam verildiyi xx.xx.2019-cu il tarixinədək olan dövr ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi ilə bağlı icrası məcburi göstəriş yerinə yetirilməmiş və "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli 3-17-5/2-51080/2023 №-li məktubdan görünür ki, vətəndaş X3 "xxxx" MMM-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. X3 çalışdığı 16.07.09-cu il tarixindən 06.12.17-ci il tarixinədək olan dövr üzrə və eyni zamanda xx.xx.2017-ci il tarixindən işə bərpa olunduqdan sonra əmək müqaviləsinə xitam verildiyi xx.xx.2019-cu il tarixinədək olan dövr ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ona ödənilmədiyi müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli 3-17-5/2-51081/2023 №li məktubdan görünür ki, "xxxx" MMM-nin baş direktoru Hızarçı Şeref barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın bir nüsxəsi məlumat üçün "xxxx" MMM-nin baş direktoru Hızarçı Şerefə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.1.7-ci maddəsinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərar ləğv edilməlidir. Şeref Hızarçı barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı İXM-nin 192.4-cü maddəsində nəzərdə turulmuş izibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Lakin DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X6 qəbul etdiyi xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarı ilə AR İXM-nin 192.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 539-cu maddəsinin qeydinə əsasən 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-10/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver