Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1006/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, məhkəmə iclasının katibi İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Opel Astra» minik markalı **-BD-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol və həmin protokol əsasında xx.xx.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 3(010)-8/2022 saylı qərarına əsasən Suraxanı rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı rayon DYPŞ-yə göndərilmişdir. Qeyd edilənlərə əsasən inzibati icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 3(010)-8/2022 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cəmə edilməsi ilə bağlı Suraxanı rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı rayon DYPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1006/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1006/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver