Məhkəmə qərarları › İş №3(011)-10158/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10158/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10158/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025 tarixli TP7653443 saylı qərarın və xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 07 aprel 2025-ci il tarixində Babək prospekti ilə hərəkət etdiyi zaman Bakı şəhəri, Babək Pr, 32/1 ünvanında yol patrul xidməti avtomobili ilə hərəkət edən yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Saxla əmrinə tabe olaraq idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Avtomobili idarə edən yol patrul xidmətinin əməkdaşı avtomobilə yaxınlaşaraq təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla əmrini verdiyini bildirmişdir. Qayda pozuntusu ilə bağlı məlumat vermə əsnasında avtomobilinin arxa oturacağında oturan 2 yaş 10 aylıq oğlu avtomobilin arxa pəncərəsinin açıq olmasından ötrü körpə uşaq refleksi ilə 1 ədəd boş 0.5 litrlik su butulkasını avtomobildən kənara (avtomobilin sol arxa təkərinin yanına) atmışdır. O, həmin anda heç 1 saniyə belə keçmədən dərhal həmin boş plastik şüşə butulkasını yerdən götürüb avtomobilə geri qoymuşdur. Və bütün bunlar baş verərkən həmin yol patrul xidmətinin əməkdaşı onun yanında olub. Həmin əsnada bu prosesləri kənardan izləyən yol patrul avtomobilinin sağ oturacağında oturan polis əməkdaşı onu yanına çağıraraq avtomobildən kənara əşya atıldığı üçün 200 manat cərimə protokolu yazacağını bildirmişdir. Hadisənin hansı şəraitdə baş verdiyini və burada heç bir inzibati xəta olmadığını, hələ 3 yaşına çatmamış bir körpə uşağın anlamadan bu hərəkəti etdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2025 tarixli İXP ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir. Yol patrul xidmətinin əməkdaşı tərəfindən protokol elektron şəkildə tərtib edildiyindən və 07 aprel 2025-ci il tarixdə tərtib edilmiş protokol Bakı Baş Polis İdarəsi tərəfindən asanpay portalındakı şəxsi kabinetinə yerləşdirilməli olduğu tarixdən çox gec bir tarixdə, yəni düz 1 ay 23 gün sonra 30 may 2025-ci il tarixdə yerləşdirildikdən sonra xx.xx.2025-ci il tarixdə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-4224/2025 saylı Qərarına əsasən Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı idi. Baş X6 idarəsi tərəfindən heç bir araşdırma aparılmadan, araşdırılma aparılması üçün onun izahatı alınmadan, xx.xx.2025-ci il tarixli TP7653443 saylı Qərarla inzibati tənbeh protokolu qüvvədə saxlanılmışdır. xx.xx.2025 tarixli TP7653443 saylı Qərara baxdıqda orada sadəcə inzibati xəta haqqında işin digər materiallarına baxılaraq cümləsini görmək mümkündür. Qərarla bağlı Baş X6 İdarəsinin müvafiq əməkdaşı ilə söhbət aparılarkən bu Qərarın hansı sübutlara əsasən və ya hansı araşdırmaya əsasən aparıldığını soruşduğu zaman isə qərardan məhkəməyə şikayət versəniz sübutlar orada təqdim ediləcəkdir cavabını almışdır. Qərarın alınması zamanı araşdırılmış materialların (inizbati tənbeh protokolunu tərtib etmiş polis əməkdaşının izahatı, video görüntü, foto şəkil, səs yazısı və s) heç biri haqda ona məlumat verilməmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati icraat zamanı iştirakı təmin edilmədən və izahatı alınmadan barəsində yenidən qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsinin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 08:36-da Bakı şəhəri, Babək prospekti 32/1 ünvanında idarə etdiyi “Mazda CX-9 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 352.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4224/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 352.2-ci maddəsinə əsasən yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarla X2 İXM-nin 352.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 200 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4224/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə baxmayaraq, həmin qərarda qeyd olunan xüsusatlar araşdırılmadan şəxsin barəsində yenidən eyniməzmunlu qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar