Məhkəmə qərarları › İş №3(011)-1022/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1022/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1022/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İTÜ baş inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən həmin hüquqi şəxsin mülkiyyətində olan avtomobil idarə edilərkən həmin avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş həmin MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İTÜ baş inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Açıq Səhmdar Cəmiyyətinin tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, inzibati xəta hadisəsinin xx.xx.2020-ci il tarixdə baş verdiyi iddia edilsə də, bunun nəticələrinə dair protokol xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ki, nəticədə İXM-nin 101.1, 101.2 və 101.3-cü maddələrinin tələbləri pozulmuşdur. Göründüyü kimi, protokol ya fakt aşkar edildikdən dərhal sonra, ya da inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməlidir. Bundan əlavə, qanunverici inzibati araşdırmanın aparıldığı hallarda protokolun tərtib edilmə vaxtını fərqli müəyyənləşdirmişdir. Belə ki, İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Protokol fakt aşkar edildikdən dərhal sonra, inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilmədiyi üçün, o zaman məsələ ilə bağlı inzibati araşdırmanın aparılması ehtimal edilir. Hərçənd ki, polis orqanı inzibati araşdırılmanın aparılmasına dair hər hansı bir sənəd təqdim etməmiş, yenə də fərz etsək ki, belə bir araşdırma aparılıb, o zaman bu araşdırmanın aparılması halları və müddəti ilə bağlı İXM-nin 99.4, 99.4.3, 102.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, inzibati araşdırma aparılmamışdan əvvəl müvafiq qərardad qəbul edilməli və hüquqi şəxs bununla bağlı lazımı qaydada məlumatlandırılmalı idi. Artıq qeyd edildiyi kimi, belə bir qərardad olmamış və bununla da İXM-nin 102.1-ci maddəsinin tələbləri pozulmuşdur. Hazırkı protokolun əsasını təşkil edən İXM 469.3-cü maddəsi “İcbari sığorta müqaviləsinin bağlanmaması” adlanmaqla, sığorta qaydaları əleyhinə olan inzibati xətalara aid edilmişdir. Yəni, qanunverici belə bir maddə ilə bağlı inzibati araşdırmanın aparılmasını nəzərdə tutmur. İş materiallarına polis orqanının hüquqi şəxsə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 101-11790 nömrəli məktubunun surəti əlavə edilmişdir. Həmin məktubun məzmununa əsasən, polis orqanında inzibati icraatın başlanılması və xx.xx.2021-ci il tarixədək səlahiyyətli nümayəndənin həmin orqana göndərilməsi xahiş olunmuş, lakin həmin məktubun hüquqi şəxsə lazımı qaydada göndərilməsi və çatdırılması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir ki, nəticədə də İXM-nin 57-ci maddəsinin tələbləri pozulmuşdur. Protokolda Şəxs ASC-və izahat verilməsi üçün məktub göndərilsə də araşdırmada iştirak etməmişdir” qeydi vardır. Göründüyü kimi, araşdırmada hüquqi şəxsin nümayəndəsinin iştirakı, dinlənilmə hüququ təmin edilməmiş, izahatları alınmamış, hüquqları və vəzifələri izah edilməmiş, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaq, imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək kimi hüquqları təmin edilməmişdir ki, nəticədə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İİİ hissəsi, İXM-nin 100.1, 100.1.7, 100.2, 100.4-cü maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən, protokol natamam doldurulmuş və digər bir protokolun nömrəsi ilə eynilik təşkil etmişdir. Bu isə özlüyündə onun etibarlılığını şübhə altına almışdır. Belə ki, İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan xəta əksər hallarda xüsusi texniki vasitələrdən istifadə olunmaqla aşkar edilir. Halbu ki, bununla bağlı protokolda hər hansı bir məlumat yoxdur. Hazırki protokol, iş materiallarına əlavə edilmiş polis orqanının Xətai Rayon Məhkəməsinə ünvanlamış olduğu xx.xx.2021-ci il tarixli, 101-4058-1221 saylı məktubun məzmunu və qoşmasına əsasən polis orqanının hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsinə əsasən tərtib etdiyi AP ******* nömrəli protokolla eyni nömrəlidir ki, nəticədə də İXM-nin 100.1, 100.1.8 və 100.5-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlardan əlavə, məhkəmə, polis orqanı tərəfindən İXM-nin 38.6, 53, 122, 123 və 125-ci maddələrinin tələblərinə riayət edilib-edilməməsini də araşdırmaldır. Belə ki, İXM-nin 38.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə, eyni zamanda, protokol və işin digər materiallarının İXM-nin 106-cı maddəsinin tələblərinə uyğunluğunu, rəddedici halların mövcudluğunu yoxlamaladır. İşin baxılmağa hazırlanması mərhələsində iştirakıları olmadığı üçün bu kimi dəlilləri bildirmək mümkün olmamışdır. Əks halda, protokolun vaxtında doldurulmaması, eləcə də natamam və iştiraklarının təmin edilməməsi ilə doldurulması səbəbindən geri qaytarılacaqdır (əsas İXM-nin 109, 114-cü maddələri). Odur ki, qeyd olunanların nəzərə alınaraq hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində olan inzibati işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda göstərilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir; 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Həmin maddənin qeyd hissəsinə əsasən: 1. şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur; 2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. İnzibati xətanı törədən şəxs, yəni İnzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, İXM-nin 16.1-ci maddəsinə əsasən, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə, İXM-nin sadalanan normalarına əsasən İXM-nin 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barsində tərtib edilə bilər. Yəni əgər nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətindədirsə, həmin nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdirsə və həmin xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol həmin avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs barəsində tərtib edilə bilməz. Avtomobilin mülkiyyətçisi fiziki şəxs olduqda, onda həmin fiziki şəxs barəsində tərtib edilə bilər. Lakin, hazırkı protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Belə olduğu təqdirdə hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. Beləliklə barəsində protokol tərtib edilmiş hazırkı hüquqi şəxsə münasibətdə İXM-nin 469.3cü maddəsi ilə protokol tərtib edilə bilməz, həmin hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-in 469.3-cü maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar