Məhkəmə qərarları › İş №3(011)-1022/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1022/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1022/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xaqani oğlunun iştirakları ilə, 04.08.1982-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Xaqani oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 04 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Xaqani oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(011)-2831/2021 saylı icra sənədinə əsasən aliment borcunu ödəməmiş və yaranmış borc 3600 manat təşkil etmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs Xaqani oğluna yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Xaqani oğlu Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Hüseynov X5 Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xaqani oğlu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(011)-2831/2021 saylı icra sənədinə əsasən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat alimentin ondan tutularaq X4 ödənilməsi qət edilmişdir. Pandemiya ilə əlaqədar işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmişdir və hal-hazırda borcu 3600 manat təşkil edir. Aprel ayından başlayaraq yenidən ticarətlə məşğul olacağı üçün yaranmış aliment borcunu hissə-hissə ödəyəcəkdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkməsini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2 (011)-2831/2021 saylı icra sənədindən görünür ki, Şəxs Xaqani oğlu və X7 arasında 26.05.2010-cu il tarixdə 04 saylı aktla Ağsu rayonu Növcü kənd İcra nümayəndəliyi tərəfindən qeydə alınmış nikah pozulmuş, 01.06.2010-cu il təvəllüdlü X2, 18.07.2013-cü il təvəllüdlü X1 və 02.02.2018-ci il təvəllüdlü X6 anaları X3 yanında saxlanılmaları, Şəxs Xaqani oğlundan 01.06.2010-cu il təvəllüdlü X2, 18.07.2013-cü il təvəllüdlü X1 və 02.02.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 19.02.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında 09.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2 (011)-2831/2021 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs Xaqani oğluna göndərilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərəfindən tərtib olunmuş 04.03.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Xaqani oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(011)-2831/2021 saylı icra sənədinə əsasən aliment borcunu ödəməmiş və yaranmış borc 3600 manat təşkil etmişdir; 13.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Xaqani oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(011)-2831/2021 saylı icra sənədini könüllü olaraq icra etmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmişdir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, icra məmurunun çıxışı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs Xaqani oğlu məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(011)-2831/2021 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs Xaqani oğlu məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Xaqani oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Xaqani oğlunun dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs Xaqani oğlunun səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Xaqani oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Xaqani oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar