Məhkəmə qərarları › İş №3(011)-1025/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1025/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1025/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibai icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də aşpaz vəzifəsində çalışmış X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək, işlədiyi müddət ərzində heç vaxt əmək məzuniyyətinə çıxmamasını və əvəzində kompensasiya almamasını əsas gətirərək istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və sonuncu ayın əmək haqqının tam ödənilməsini xahiş etmişdir. İnzibati orqan tərəfindən araşdırma aparılmış, Əminə Göyüşlünün əmək məzuniyyətinə çıxmaması barədə bildirdikləri öz təsdiqini tapmamışdır. Lakin inzibati orqan Əminə Göyüşlünün xx.xx.2023-cü il tarixindən əmək məzuniyyətində olmasına baxmayaraq məzuniyyətlə bağlı müvafiq ödənişin Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixdə ödənilməsi halını müəyyən etdiyi üçün vəzifəli şəxs qismində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən protokol tərtib etmişdir. Həmin protokol əsasında MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: X10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 4.33-cü bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətə çıxdığı ayın əmək haqqı ödənişi ilə birlikdə ödənilir. Tərəflər arasındakı razılaşmaya uyğun olaraq, məzuniyyət pulu məzuniyyətə çıxdığı ayın əmək haqqı ödənişi ilə birlikdə ödənilmişdir. Lakin inzibati orqan əmək müqaviləsindəki razılaşmanı nəzərə almadan onun barəsində protokol tərtib etmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 6-cı bəndinə əsasən, Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, İşçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Qeyd olunan normadan aydın olur ki, işçi ilə işəgötürənin razılığını təsdiq edən əmək müqaviləsində əmək məzuniyyəti üçün ödənişin sonradan ödənilməsi nəzərdə tutula bilər. İnzibati orqan isə Əmək Məcəlləsinin 140-cı maddəsinin 6-cı bəndini nəzərə almamış, Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə istinad edərək yanlışlığa yol verərək onun barəsində əsassız protokol tərtib etmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 şikayəti əsassız hesab edərək bildirdi ki, X6 əmək haqqı 3 gün əvvəl məzuniyyət pulu ilə ödənilməli idi. Qanunvericiliyin və əmək müqaviləsinin şərtləri var, lakin qarşı tərəf onu qəbul edib ya yox, bu barədə məlumat yoxdur. Əmək müqaviləsinə əsasən məzuniyyət pulu 3 gün əvvəl ödənilməlidir. Müqavilə qanunvericiliyə uyğun olaraq bağlanmalıdır. Qanun imperativdir, müqavilə qanuna uyğun bağlanmayıb. Qeyd edilənlərə əsasən X7 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati qərar qəbul edilən şəxs X7 məhkəməyə gəlməmiş, lakin 29 mart 2024-cü il tarixdə elektron sistem vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və inzibati orqanın qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə barəsində inzibati qərar qəbul edilmiş şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən X5 barəsində tərtib edilmiş 27 fevral 2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X6 13 iyul 2023-cü il tarixdən əmək məzuniyyətində olmasına baxmayaraq məzuniyyətlə bağlı müvafiq ödəniş AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinin tələbləri pozularaq 04 avqust 2023-cü il tarixdə ödənilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 noyabr 2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş X10 24 avqust 2021-ci il tarixindən 12 oktyabr 2023-cü il tarixinə qədər "xxxx" MMC-də (VÖEN **********) işləyib. Vətəndaşın iddiasına əsasən işlədiyi müddət ərzində heç vaxt əmək məzuniyyətinə çıxmamışdır və əvəzində kompensasiya almamışdır. Əminə Göyüşlü ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın və sonuncu ayın əmək haqqının tam ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, X10 24 avqust 2021-ci il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq “aşpaz” vəzifəsinə işə cəlb edilmişdir. Habelə müqavilənin şərtlərinə görə məzuniyyət ödənişi həmin ayın əmək haqqı ilə birlikdə yəni növbəti ayın 01-10 tarixləri arasında verilir. "xxxx" MMC-nin 07 iyul 2023-cü il tarixli 150№-li əmrindən görünür ki, X10 Cəmiyyətin Satış Əməliyyatları Departamenti Araz Marketlər Şəbəkəsinin Xadiməsinə 2021/2022, 2022/2023-cü iş illərinə görə 13 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixinədək 19 günlük əmək məzuniyyəti verilməsi və 01 avqust 2023-cü il tarixində işə başlaması əmr edilmişdir. “ABB” bank tərəfindən 01 iyul 2022 – 04 dekabr 2023-cü illəri əhatə edən müddət üzrə təqdim olunmuş çıxarışdan görünür ki, 04 avqust 2023-cü il tarixdə X6 hesabına 380 manat 85 qəpik ödəniş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X7 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar