Məhkəmə qərarları › İş №3(011)-1034/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1034/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1034/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi , Şahmalıyev Zakir Rövşən oğlunun iştirakı ilə, Şahmalıyev Zakir Rövşən oğlunun Bakı şəhər BPİ-nin Dövlət X8 xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şahmalıyev Zakir Rövşən oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək, Bakı şəhər BPİ-nin Dövlət X8 xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 Rövşən oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində həkim müayinəsinə getmək üçün, 10:30-da 8103 məlumat mərkəzinə 1 kodu ilə sms göndərmişdi. Göndərdiyi sms müraciətinə 10:31-də evdən çıxmağına icazə verildikdə, dərhal sonra X2 radioloqun qəbuluna düşməkdən ötrü adıçəkilən tibb müəssisəsinə getmişdir. Orada çoxsaylı xəstələr olduğundan, öz növbəsini gözləmək məcburiyyətində qaldı və bundan sonra radioloqun qəbulunda olub müayinələrdən keçməyə başladı. Saat 13:04-də döş qəfəsimin KT müayinəsindən keçmək üçün tərəfindən 80 manat pul ödənilmiş və 13:40-da müayinədən keçdikdən sonra, taksi çağıraraq evə yola düşmüşdür. X1 çıxmazdan əvvəl evə getmək üçün və bu müddət ərzində hospitalda olmağını təsdiq edən arayışın verilməsini istədi, lakin həmin arayışı verməkdən imtina etdilər və əsas kimi göstərdilər ki, tərəfindən edilmiş ödəniş qəbzi arayışı əvəz edən sənəd kimi qəbul edilir. Taksidə Neftçilər prospekti ilə Y.Səfərov küçəsi istiqamətində hərəkətdə olduğu zaman, şəhərin müxtəlif yerlərində xidmət keçən polis əməkdaşları tərəfindən vətəndaşların evdən çıxmalarına icazələrinin olub-olmamasını yoxlayarkən, onun sənədlərinə də baxış keçirilmiş və həmin an icazəsinin olmamasına istinad edilərək, barəsində inzibati protokolun tərtib ediləcəyini bildirmişlər. Həmin vaxt telefonunda olan icazəni və tibb müəssisəsinə etdiyi ödənişi polis əməkdaşına göstərsə də, o, təqdim etdiyi sübutlara heç bir məhəl qoymamış və nəticədə saat 14:22-də mənim barəsində İXP ******* saylı protokol tərtib edilərək, məni Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə etmişdir. Həmin protokol tərtib edilərkən, protokol üzrə hansı hüquqlarının olması, etiraz etmək, protokolun hansı hissəsində qeydlər apara biləcəyi izah edilməmişdir. O, həkimdə olduğunu və heç bir pozuntu etmədiyini bildirsə də, polis əməkdaşı tərtib edilmiş protokolu təqdim etmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan sonra o, X3 əlaqə saxladı və ona verilmiş ödəniş qəbzinin polis tərəfindən nəzərə alınmadığını, arayışın verilməsini tələb etdi və nəticədə tibb müəssisəsi tərəfindən ona arayış təqdim edilmişdi. xx.xx.2020-ci il tarixində saat 14:22-də barəsində tərtib edilmiş İXP ******* saylı protokol tərtib edilsə də, protokol əsasında qəbul edilmiş qərar ona təqdim edilməmiş və poçt vasitəsilə göndərilməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Adı çəkilən qərarın ona təqdim edilməsi ilə bağlı polis orqanına müraciət etdikdən sonra, xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixində çap edilərək ona, müşayətedici məktub olmadan təqdim edilmişdir. Göstərilənlərdən göründüyü kimi, yuxarıda yazılmış protokolun və onun əsasında qəbul edilmiş qərarda göstərilmiş hüquq pozuntusu tərəfindən törədilməmişdir. Məhz bu səbəbdən də, barəsində inzibati məsuliyyətə cəlb olunmaya dair qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd etdiyi kimi, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati pozuntunu törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Protokolu tərtib edən polis əməkdaşı, təqdim etdiyi sübutları, yəni həkimdə olmağını nəzərə almadığından, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən X5 Rövşən oğlu ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək Bakı şəhər Dövlət X8 xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhər Dövlət X8 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhər Dövlət X8 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünün YPX inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahmalıyev Zakir Rövşən oğlunun xx.xx.2020-ci il tarixdə saat 14:22-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şahmalıyev Zakir Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şahmalıyev Zakir Rövşən oğlunun (AZE 16943309) xx.xx.2020-ci il tarixdə saat 10:31-dən 2 saat müddətinə yaşayış yerini terk etməyə icazə verilmiş və 2 saatdan artıq vaxt üçün tibbi arayış tələb olunması bildirilmişdir. İş materiallarına əlavə edilmiş X4 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Şahmalıyev Zakir Rövşən oğlu həqiqətən xx xxxxx 2020-ci il tarixdə radioloqun qəbulunda olmuş və saat 13:40-da KT müayinəsindən keçmişdir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahmalıyev Zakir Rövşən oğlu xx.xx.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, onun hərəkətinə məhdudiyyət olmadığı halda əsassız cərimə olunmuşdur. Şahmalıyev Zakir Rövşən oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 124 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər Dövlət X8 üzərinə qoyulsa da, adı çəkilən orqan Şahmalıyev Zakir Rövşən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şahmalıyev Zakir Rövşən oğlunun şikayəti təmin edilməli, Bakı şəhər BPİ-nin Dövlət X8 xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şahmalıyev Zakir Rövşən oğlunun şikayəti təmin edilsin. Bakı şəhər BPİ-nin Dövlət X8 xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar