Məhkəmə qərarları › İş №3(011)-104/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-104/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-104/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-RF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobili yol polis əməkdaşları tərəfindən saxlanıldı. Konstruktiv dəyişikliklər etdiyini bildirdilər. “Yol hərəkəti” haqqında Qanunun 96.1.5-ci bəndində “Normativ tələblər pozulmaqla konstruktiv dəyişikliklər etmək qadağandır”. Normativ tələbləri nə qədər pozduğunu sübut edə bilmədən birbaşa qanunsuz avtomobilini duracağa təmin etdilər. Burada yol polis əməkdaşı “Yol hərəkəti” haqqında Qanunun 83-cü maddəsinin 3-cü bəndini pozmuşdur. O cümlədən “Yol hərəkəti” haqqında Qanunun 30-cu maddəsinin 5-ci bəndinə əsasən konstruktiv dəyişiklər etmək tam qanunidir. Məsələni düzgün araşdırılması üçün BDYPİ-nin hüquqlarını təmin etməsi üçün məhkəmə zalında iştirak etməsi vacibdir və bunu təmin etməyi xahiş etmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığından və qərarın surətini gec aldığına görə şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X1 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 30.11.2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X2 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. İş materiallarında olan 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “VAZ 21074” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etməsinin hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir.Qərarda avtoekspert rəyinə istinad edilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 30.11.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar