Məhkəmə qərarları › İş №3(011)-10551/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10551/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10551/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şəhriyar Əliyev İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Elnur Dəmirovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixində Xətai rayonu, Xocalı prospekti 21 ünvanında ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozduğuna görə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Elşən Şamilov tərəfindən Polis Şöbəsinə gətirilmişdir, Şəxs ilə aparılan profilaktiki söhbətlər zamanı Şəxs elektron informasiya vasitələrində yayılması qadağan olunmuş məlumatları yayması məlum olmuşdur. Bu səbəbdən də Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixində MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində Xətai rayonu, Xocalı prospekti 21 ünvanında ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və elektron informasiya vasitələrində yayılması qadağan olunmuş məlumatları yaymışdır. Belə ki, şəxs sosial şəbəkə platformları üzərindən “MİDA” binalarında mənzil satışı ilə bağlı elan paylaşmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokola etiraz edərək izahatında göstərmişdir ki, makler yanında işləyir, sosial şəbəkə hesablarında şəxsi mülkiyyətdə olan və satışa çıxarılan evlərə gedib onları çəkib paylaşır. Lakin “MİDA”nın öz evləri ilə bağlı paylaşım etməmişdir, o, sadəcə “MİDA”da ev sahibi olan və evini satmaq istəyən şəxslərin evini paylaşıb reklam etmişdir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Xətai rayonu, Xocalı prospekti 21 ünvanında ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və elektron informasiya vasitələrində yayılması qadağan olunmuş məlumatları yaymışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 14:20-də inzibati qaydada tutulmuşdur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.10-1-ci maddəsinə əsasən, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar kimi yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinin tələbinə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan Huquqlarının və X1 Haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixindən saat 14:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar