Məhkəmə qərarları › İş №3(011)-10601/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10601/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10601/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 14 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixədək işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68158/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməməsi olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyini bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 14 noyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixədək işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68158/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sisteminin “Təhlil” altsistemindən əldə edilmiş məlumata əsasən müəssisədə elektron əmək müqaviləsinə keçirilməyən işçilərin olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-68158/2025 saylı məktubdan görünür ki, hüquqi şəxsdən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən müəyyən edilmiş müddətədək elektron sənəd formasına keçirilməsinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikasının İnzibati Xətаlаr Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar