Məhkəmə qərarları › İş №3(011)-1071/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1071/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1071/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin “Qaz İxrac’’ İdarəsi tərəfindən “Socar Georgia GAS” LLC-nin ünvanına göndərilən təbii qaz malının rəsmiləşdirilməsi ilə bağlı neft şirkətinin müvafiq idarəsi tərəfindən xx.xx.2019-ci il tarixdə **********0676 saylı natamam gömrük bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 156.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarının 6.5-ci bəndinə əsasən natamam gömrük bəyannaməsi rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair müvafiq gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Lakin, yuxarıda qeyd edilən natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulan müddətin 26.01,2020-ci il tarixdə başa çatmasına baxmayaraq, ixracatçı tərəfindən yuxarıda göstərilən natamam bəyannamə üzrə **********2718 saylı gömrük bəyannaməsi 15.01,2021-ci ii tarixdə təqdim edilmişdir. Qeyd edilən gömrük bəyannamələrinin rəsmiləşdirmə tarixlərindən müəyyən olunur ki, ixracatçı tərəfindən natamam gömrük bəyannaməsi üzrə təqdim olunmalı olan gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddəti pozmaqla təqdim olunmuşdur. Azərbaycan Respublikası İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən natamam gömrük bəyannaməsi üzrə təqdim olunmalı olan gömrük bəyannaməsi müvafiq qanunda nəzərdə tutulmuş müddəti pozmaqla təqdim olunmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin barəsində xx xxxxxx 2021-ci il tarixli 13000-0075/21 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və səlahiyyəli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 156.3-cü maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın 6.4-cü bəndinə əsasən bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar