Məhkəmə qərarları › İş №3(011)-1075/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1075/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1075/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi Paşayev Mayıl Hökmalı oğlunun iştirakı ilə, Paşayev Mayıl Hökmalı oğlunun Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Paşayev Mayıl Hökmalı oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində saat 11:00-da 36-cı polis bölməsinin əməkdaşı işlədiyi dükana gələrək, onu 36-cı PB-nə aparmışdır. Bölmədə ona bildirmişlər ki, o, işlətdiyi dükanda araq satmışdır. O, da bildirmişdir ki, atasına məxsus olan 4 litr tut arağını 50 manata satmışdır. Bunun qanunsuz olduğunu bilməmişdir. Sahə müvəkkili bunu görsə də bunun qanunsuz olduğu haqda ona heç nə deməmişdir. Arağı İİ qrup əlil olan atasının dərmanlarını almaq üçün pul lazım olduğundan satmışdır. Ailəsi 12 nəfərdən ibarətdir. Atasının İİ qrup əlil, anasının isə “Qəhrəman Ana” və şəhid bacısı olmasının və ondan başqa ailədə heç kimin işləmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində çıxarılmış MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Paşayev Mayıl Hökmalı oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, səlahiyyətli orqan tərəfindən Paşayev Mayıl Hökmalı oğlunun qanunsuz spirtli içki satması əsas gətirilərək barəsində İXM-nin 456-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Paşayev Mayıl Hökmalı oğlunun qanunsuz spirtli içki satması əsas gətirilməklə, İXM-nin 456-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinə əsasən ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarla Paşayev Mayıl Hökmalı oğlu İXM-nin 456-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarda işin baxılması yeri və tarixi, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilən hallar barədə xüsusatlar göstərilməlidir, lakin şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş MN seriyalı ******* saylı qərarda bu məlumatlar qeyd edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, MN ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, Paşayev Mayıl Hökmalı oğlu barəsində MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin Paşayev Mayıl Hökmalı oğlunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Paşayev Mayıl Hökmalı oğlunun şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Paşayev Mayıl Hökmalı oğlunun şikayəti təmin edilsin. Paşayev Mayıl Hökmalı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 36-cı Pİ-nin rəisi, polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar