Məhkəmə qərarları › İş №3(011)-1082/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1082/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1082/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X10 İdarəsinin EQ/23309653 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər BDYPİ-nin onun barəsində qəbul etdiyi inzibati tənbeh tədbirinin tətbiqi haqqında xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “Ford Fusion” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnaməyə əsasən idarə edir. AR Bakı Şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 640 (altı yüz qırx) manat cərimə inzibati tənbeh tədbirinə məruz qalmışdır. Barəsində EQ/23309653 №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə də, guya o, həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etmişdir. Lakin bununla əlaqədar olaraq bildirir ki, həmin tarixdə sözügedən avtonəqliyyat vasitəsini faktiki olaraq o, idarə etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu gün avtonəqliyyat vasitəsini faktiki olaraq X8 idarə etmişdir. Bunun üçün avtonəqliyyat vasitəsinin hərəkət istiqamətində quraşdırılmış təhlükəsizlik kamera görüntülərinə baxılması kifayətdir. “Ford Fusion” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olmasına baxmayaraq protokol tərtib olunan zaman o, sükan arxasında olmamışdır. Təəssüf ki, AR Bakı Şəhər BDYPİ mühüm əhəmiyyət kəsb edən bu faktiki halları araşdırmamış və yalnız avtonəqliyyat vasitəsinin idarə etmə hüququ olduğundan barəsində qərar qəbul etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Uzun müddətdir ki, həmin avtomobili X8 idarə edir. Özü ümumiyyətlə avtomobil idarə etmir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Ford Fusion minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sürücülük şəxsi kabinetindən əldə edilmiş EQ/23309653 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar barədə çıxarışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, M.Davudoğlu küçəsində “Ford Fusion minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ məhdudlaşdırıldığı halda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş, barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 240 (iki yüz qırx) manat məbləğində dəbbə pulu hesablanmış və hal-hazırda X3 ödəməli olduğu ümumi məbləğ 640 (altı yüz qırx) manat təşkil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda V.Qəhrəmanovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda idarə etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X10 İdarəsi tərəfindən EQ/23309653 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, M.Davudoğlu küçəsində “Ford Fusion minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ məhdudlaşdırıldığı halda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş, barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 240 (iki yüz qırx) manat məbləğində dəbbə pulu hesablanmış və hal-hazırda X3 ödəməli olduğu ümumi məbləğ 640 (altı yüz qırx) manat təşkil edir. Məhkəmə iclasında X5 bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Uzun müddətdir ki, həmin avtomobili X8 idarə edir. Özü ümumiyyətlə avtomobil idarə etmir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Ford Fusion minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili o, özü idarə etməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EQ/23309653 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərarda göstərilən inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X10 İdarəsinin EQ/23309653 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X10 İdarəsi tərəfindən EQ/23309653 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar